“Ya qalib ol pul qazan, ya da öl”

“Ya qalib ol pul qazan, ya da öl”

Çoxdandı görmürdüm onu. 2 il bir yerdə, Pribaltikada hərbi xidmət keçdiyim əsgərlik dostum Mansuru. Sovet dövrünün ən elit qoşun növü olan dəniz piyadası olmuşduq.

Ora yalnız əla fiziki hazırlığı olanları götürürdülər. Məndən fərqli olaraq Mansur professional idmançı idi. Cüdo, sambo ilə uşaqlıqdan məşğul olmuşdu. Beynəlxalq turnirlərdə medalları vardı. Sanki əvvəldən dəniz piyadası olmaq üçün yaranmışdı. Hərbi xidmətdən sonra ara-sıra görüşürdük.Sonra əlaqəni itirdik. Eşitdim ki, bir müddət Qarabağda vuruşub.

Atəşkəsdən sonra Bakıda iş tapmayıb, Moskvaya gedib. İndi üstündən 15 il keçəndən sonra görüşmüşdük. O qədər danışılası məsələ olmuşdu ki, bu 15 ildə. Amma Mansurun ən diqqətimi çəkən söhbəti Rusiyada qeyri-qanuni keçirilən qladiator döyüşləri haqda oldu. MillətinSəsi.info-ya bu hadisəni nəql edəcəm.


Müflis


Bəli, 21-ci əsrdə əsl qladiator döyüşləri. Mansur bu qanlı döyüş növü haqda xatirələrin danışdı. Ancaq soyadını gizli saxlamağı xahiş etdi:

94-cü ildə ordudan tərxis olundum. Hərc-mərclik illəri idi. Paytaxtda iş tapa bilmədim. Sonra çoxları kimi Rusiyaya getdim, Moskvaya. Tanış uşaqlar bir az pul-para verdilər ki,əlimdə maya olsun.

Mal alıb "Lujniki" bazarında alver etməyə başladım. Əvvəlcə işlərim pis getmirdi. Amma az keşmiş işlər korlandı. Bir dəfə "Omon" bazarda reyd keçirirdi. Sənədimdə uyğunsuzluq vardı deyə qoluma qandal vurub basdılar avtobusa. Şöbədə hər şey aydınlaşanadək xeyli vaxt keçdi. Bazara qayıdanda gördüm "lələ köçüb yurdu qalıb", mallarımın hamısını oğurlayıblar. Fikir götürdü məni.

Malları almaq üçün xeyli borc almışdım. İndi əlimdə nə mal vardı, nə pul. Borcu necə qaytaracaqdım? Moskva Bakı kimi deyil. Pul aldınsa, vaxtında qaytarmalısan. Əgər malın oğurlanıbsa bu, sənin problemindi. Qalan heç kimi maraqlandırmır. Odur ki, iş axtarmağa başladım.

Hətta bir ara cinayətkar qruplaşmalarından birinə qoşulmaq haqda da düşündüm. Elə bu arada keçmiş idmançı dostlarımdan biri ilə qarşılaşdım. O da mənə qeyri-leqal keçirilən qaydasız döyüşlər haqda danışdı. Dedi ki, bəxtin gətirsə, bir gecəyə 2 min dollar qazana bilərsən.

O vaxtlar üçün bu, böyük pul idi. Zədə alan, sir-sifəti dağılan idmançıları xəstəxanaya aparırlar. Həkimlərə yaxşı pul verilir. Xəstəlik tarixçəsində də yazılır ki, pasienti küçədə naməlum şəxslər döyüb. Gizli klub haqqında bir kəlmə də heç kimə deyilmir.


"Cuppulu"

Sabahı günün axşamı o dostumla görüşüb Moskvadakı "Havana" kinoteatrına getdik. Döyüşlər bu kinoteatrın içində yerləşən gecə klubunda keçirilirdi. Gəlib deyilən ünvana çatdıq. Klubun yerləşdiyi "Şeremetyev" küçəsi bahalı avtomobillərlə dolu idi.

Bu döyüşə baxmağa gələn oliqarxların, biznesmenlərin, qanqsterlərin maşınları idi. Klubun öz qaydası vardı. Kişilər ancaq kostyumda, qadınlar axşam libaslarında olmalı idi. İçəri ancaq klubun üzvləri buraxılırdı. Yad adam girə bilməzdi. Turnirə baxmaq üçün biletin qiyməti yerdən asılı olaraq 3-4 min dollar arasında dəyişirdi.

Hə, onu deyim ki, iştirak edən hər bir idmançını da kimsə təqdim etməli, zamin durmalı idi. Məni elə dostum təqdim etdi. Mühafizəçi işarə etdi ki, ardımca gəl. Uzun dəhlizlə gedib zala daxil oldum. Burada haradasa 50-yə yaxın döyüşçü vardı.

Məni müşayiət edən mühafizəçi "tarif"ləri sadaladı. Birinci etapı keçirdinsə, qalib olan 500, uduzana 250 dollar verilir. İkinci turda qalib olan 1000 dollar. Bu qayda ilə davam edir. Finala çıxan haradasa 5 min dollardan çox qazana bilərdi.

Düzü, zalda məşq edən döyüşçülərə baxanda finala çıxaçağımı ağlımdan çıxardım. Yumruqları toppuza oxşayan boksçu və kikboksçular üstünlük təşki edirdi. Cüdoçular, samboçular də çox idi. Aralarında idmanla məşğul olmayıb ancaq küçə davalarında bərkimiş yekəpərlər də vardı.

Mühafizəçi dedi ki, özünə bir ləqəb seç, siyahıya döyüşçülərin ancaq ləqəbi yazılır. İlk ağlıma gələn "Çingizxan" oldu. Elə onu da yazdılar. Bu zaman siyahıda gözüm "Cuppulu" ləqəbinə sataşdı.

Maraqlı gəldi deyə bu ləqəb altında döyüşən idmançının məşq edənlərdən hansının olduğunu soruşdum. Göstərdilər. Mən ömrümdə bu yekəlikdə "cuppulu" görməmişdim. Nataraz, vəhşi görkəmə məxsus olan 130 kiloluq əzələ yığını. Ürəyimdə Allaha yalvardım ki, bunu qarşıma rəqib çıxarmasın.


"Püşkatma"

Menecer hər döyüşçünün adını balaca bir kağıza yazıb, qutunun içinə atdı. Orda qarışdırıb yenidən bir-bir çıxardılar. Döyüşən cütlüklərin adlarını oxudular. 4-cü döyüş mənimki idi.

"Klarus" ləqəbli idmançı ilə vuruşacaqdım. Bundan sonra bizi soyunub-geyinmə otağına apardılar. Döyüşə hərə öz bildiyi formada çıxırdı. Mən də köhnə kimano almışdım. Hazırlaşırdım onu geyinəm.

Bu zaman yanımda əynini dəyişən qaraşın idmançı dilləndi: "Məsləhət görmürəm, bu döyüşlərdə kimano sənə maneçilik edəcək. Ən yaxşısı çılpaq çıxış etməkdi. Əynində tuman olsa bəsindi. Paltar olsa, rəqib yapışmağa yer tapacaq. Əsas odu ki, turu keç. Ehtiyatlı ol. Burda heç bir qayda yoxdu. İstənilən zərbəyə icazə var".

Məsləhətə görə təşəkkür etdim. "Tatar" ləqəbli bu döyüşçü elə görünüşcə də qaraşındı, yaqin, milliyyəti də tatar idi. Əynimizi dəyişib növbəmizi gözləməyə başladıq.


Qanlı rinq

İlk döyüş "Propeller" və "Qranit" ləqəbli döyüşçülər arasında oldu. "Qranit" çox yekəpər idi. Fikirləşdim ki, nisbətən cansız olan rəqibini asanlıqla yenər. Amma elə olmadı. "Propeller" əlləri elə sürətlə zərbə endirirdi ki, cəmi 30 saniyə sonra "Qranit" çökdü.

Ömrümdə belə döyüş görməmişdim. İkinci döyüşdə yeni tanış olduğum "Tatar" fotomodelə oxşayan bir döyüşçünü tezbazar nokauta saldı. Vaxt yaxınlaşırdı. Artıq adımı elan etdilər - "Çingizxan" və "Klarus". Fikirli halda rinqə çıxdım. Son bir ildə heç məşq etməmişdim, formada deyildim. Görən, nə olacaqdı?


İlk qələbə


Döyüş mənim üçün elə gözlədiyim kimi heç də yaxşı başlamadı. Samboçu olan "Klarus" ilk saniyədəcə mənim əl zərbəmi tutub beli üstündən aşırıb yerə çırpdı. Yerə çırpılanda ağrıdan gözlərim axdı. Onunla yaxın məsafədə vuruşmaq olmazdı. Hər saniyə fəndə sala bilərdi. Nə qədər qorunsam da, sağ gözümdən babat yumruq yedim.

Fikirləşdim ki, cəhənnəm, bu döyüşü sona çatdırım sağ-salamat. Uduzana da 250 dollar verirlər. Min bərəkət. Hələ döyüşün sonuna 7 dəqiqə var. Adi halda nokaut olmasa, hər döyüş 10 dəqiqə çəkir. Amma bu arada bəxtim gətirdi.

Müdafiədə boşluq buraxan rəqibimə sol ayaqla qaraciyər nahiyəsindən zərbə vurdum. "Klarus" çökdü. Və bir də qalxmadı. Onu həkimlər apardılar. Bu hələ ilk görüş idi. Artıq kifayət qədər zərbə almışdım. Xüsusən gözümdən aldığım zədə incidirdi. Hələlik isə birinci tur yekunlaşmışdı.

Döyüşçülərdən kimi istirahət edir, kimi tibbi yardım alırdı. Bu arada "Tatar" yaxınlaşıb təbrik etdi. Dedi ilk dəfə üçün pis döyüşməmişəm.


İkinci tur


Növbəti mərhələ daha çətin idi. Əvvəlki turdan fərqli olraq kimsə tez noqdauna düşmürdü. "Tatar" yenə məndən əvvəl döyüşdü. Qarşısına muay-tay çempionu olan rəqib çıxmışdı. Bu stildə vuruşanlar rəqibin qol-qılçasını ayaq zərbəsi ilə bərbad günə salır. Van Dammın filmindəki Tampo kimi.

"Tatar" bu zərbələrə birtəhər dözdü, əlinə yegənə şans düşən kimi boğucu fəndlə muay-tayçını məğlub etdi. Növbə mənə çatdı. Hə...bu dəfəki rəqibim "Sparta" ləqəbli döyüşçü idi.

Əlbəyaxa döyüş növləri üzrə ordu çempionu. Vəziyyət pis idi. Rəqibim həm ayaq üstə, həm də parterdə eyni dərəcədə yaxşı vuruşurdu. Onun qarnına zərbə endirəndə sanki betona dəydi. Qarnında belə press olan adam üçün mənim zərbəm qorxulu deyildi. Çəkisi də mənim çəkimdən azı 18 kq çox idi. Rinqdə bu az fərq deyil. Mənim zərbələrim ona kar etmirdi. Onunku isə məni silkələyirdi. Getdikcə gücüm tükənirdi. Nə qədər düşməndən rinq boyu qaçmaq olar?


Sağ-salamat qurtarsaydım...


Rəqibi anındaca bitirmək fikri birdən gəldi ağlıma. Əgər bu döyüşdə qayda yoxdursa, demək, hər fəndə icazə var. Təki qələbə çal. Məqam düşən kimi "Sparta"nın ayaqlarının arasına güclü zərbə vurdum. Ağrıdan ağzı əyilən rəqib kişiliyini əli ilə tutaraq yerə sərələndi. Həkimlər onu xərəkdə çıxardılar rinqdən. Bir azdan 3-cü tur başlayacaqdı. Amma finala elə vəhşi döyüşçülər qalmışdı ki, iştirak etmək həvəsim tam qaçmışdı.

Bəhanə lazım idi, bəhanəsiz yarışı tərk etmək olmazdı. Həkimə yaxınlaşdım ki, bəs son döyüşdə ayağım burxulub. İştirak edə bilmərəm. Bir deyindilər. Sonra menecer iki turda qazandığım 1500 dolları verib tapşırdı ki, buradan rədd olum.

Sağalandan sonra bir də gəlim. O vaxtlar bu, əla qazanc idi. Mala görə borcum təxminə 600 dollar idi. Onu versəm, hələ əlimdə 900 dollar da qalırdı. Yeni işə başlamaq üçün bəs edirdi...

İlqar Atabəyli

Mənbə: milletinsesi.info