Vəkil Futbol Liqasının qalibi bəlli oldu

Vəkil Futbol Liqasının qalibi bəlli oldu

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvləri arasında sayca 3-cü Vəkil Futbol Liqası (VFL) başa çatıb.

"Report"un məlumatına görə, apreldə start götürən 3-cü VFL turniri Azərbaycan Ordusunun və xalqının Qarabağda qazandığı tarixi zəfərə həsr edilib.

İştirakçı komandalar öz ənənəvi adlarının yanına Qarabağ savaşı ilə bağlı tarixi-toponomik adları əlavə ediblər. Beləliklə, yarışda “Advokat – Xankəndi” VFK, “Abşeron – Şuşa” VFK, “Barrister – Cəbrayıl” VFK, “Ədalət – Ağdam” VFK, “Kəpəz - Murov” VFK, “Lawyers – Ərgünəş” VFK, “İnter – Laçın” VFK, “Sumqayıt Regional – Qubadlı” VFK və “Veteranlar – Xudafərin” VFK iştirak edib.

Ümimilikdə, VFL-ə 86 vəkil və 10 hüquqşünas olmaqla, 96 həvəskar futbolçu qatılıb.

9 turdan ibarət birdövrəli çempionat formatında keçirilən yarışın sonuncu turu bu gün gerçəkləşib. Azərbaycan Vəkil Futbolunun ilk çempionu “Advokat-Xankəndi" 3-cü VFL-in qalibi olub. Komanda liqadakı 8 oyunun hamısından qələbə ilə ayrılıb.

İkinci yeri vəkil futbolunun ilk komandalarından sayılan “Barrister Cəbrayıl”, üçüncü yeri isə “Ədalət Ağdam" tutub.

Turnirin bombardiri 16 qolla “Advokat-Xankəndi”dən gənc vəkili İsmayıl Babayev olub. Həmçinin, iştirakçılar, məşqçilər və VFL Katibliyi üzvləri arasında keçirilmiş səsvermənin nəticələrinə əsasən Babayev turnirin “Ən yaxşı oyunçusu” adını da qazanıb.

“Advokat-Xankəndi”nin digər üzvü Ceyhun Bayramov VFL-in ən yaxşı qapıçısı olub. O, 8 oyunda qapısında 7 qol görüb.

Sonda yarışın keçirildiyi “Sportster Arenada” Anar Bağırov başda olmaqla, VK-nın rəhbərliyi, AFFA nümayəndələri və turnir iştirakçılarının qatıldığı bağlanış və təltifetmə mərasimi olub.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü və Vəkillər Kollegiyasının futbol koordinatoru Elçin Usub "Report"a açıqmasında yarışla bağlı danışıb: "Turnirimiz Vəkillər Kollegiyasının daxili çempionatı hesab edilir. Artıq üçüncü dəfədir ki, bu yarışı keçirdik. VFL-i Azərbaycan Ordusunun və xalqının Qarabağda qazandığı tarixi zəfərə həsr etmişik. Komandalar Qarabağla bağlı müəyyən toponimləri öz ənənəvi adlarına əlavə ediblər. Yarış aprelin 3-də start götürüb. Cəmi 9 tur olub, bu gün sonuncu tur gerçəkləşib".

VK-nın Bakı Dövlət Universiteti ilə imzaladığı Əməkdaşlıq Memorandumu çərçivəsində BDU-nun Hüquq Fakültəsinin futbol komandasının turnirdə “müsabiqədən kənar” iştirak edib və bir sıra VFL-ə qatılan komandalarla yoldaşlıq görüşləri keçirib. Bu oyunlar yekun cədvələ təsir göstərməsə də, gənc hüquqşünasların vəkil peşəsinə marağının artmasına səbəb olub.

AFFA ilə əməkdaşlıq çərçivəsində təşkil edilən turnirin idarə edilməsi assosiasiya tərəfindən təyinat verilən hakimlərə həvalə olunub. Turnirə qatılan bütün oyunçular həvəskar futbolçu kimi AFFA-da qeydiyyatdan keçib.

VFL ölkədə davam edən karantin rejiminin tələbləri və Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq tamaşaçıların iştirakı olmadan və bütün tibbi şərtlərə riayət edilməklə keçirilib.

Foto: Ehtiram Cəbi

Mənbə: report.az