"Zirə" "Sumqayıt"ı keçdi, çempionluq son tura qaldı

"Zirə" "Sumqayıt"ı keçdi, çempionluq son tura qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

"Report"un məlumatına görə, eyni saatda start götürən son 3 matçın ikisində meydan sahibləri, birində qonaqlar qələbə qazanıblar.

Lider "Qarabağ" "Azərsun Arena"da "Keşlə"ni 2 cavabsız qolla məğlub edib. Qolları 47-ci dəqiqədə Mahir Emreli, 74-cü dəqiqədə Kvabena Ovusu vurublar. 80-ci dəqiqədə Emreli penaltidən yararlana bilməyib.

İkinci pillədə qərarlaşan "Neftçi" Sumqayıtda eyniadlı komandaya minimal hesabla qalib gəlib. Yeganə qola ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Voyislav Stankoviç imza atıb.

"Zirə" isə evdə "Səbail" üzərində 2:0 hesablı qələbə qazanıb. 58-ci dəqiqədə Ağabala Ramazanov komandasını önə çıxarıb. 6 dəqiqə sonra isə Nemanya Ancelkoviç 2-ci topu rəqibin qapısından keçirib.

Bu nəticələrdən sonra "Qarabağ" (57 xal) və "Neftçi" (56 xal) mövqelərində qalıb. "Zirə" 38 xalla 3-cü pilləyə yüksəlib. 36 xalı olan "Sumqayıt" isə 4-cü sıraya geriləyib. Beləliklə, çempion, vitse-çempion və bürünc medalçı son turda məlum olacaq. Axırıncı turda "Neftçi" - "Qarabağ", "Sabah" - "Zirə", "Səbail" - "Sumqayıt" və "Keşlə" - "Qəbələ" matçları keçiriləcək. Bütün oyunlar mayın 19-da olacaq.

Qeyd edək ki, günün ilk oyununda "Qəbələ" evdə "Sabah"la məhsuldar heç-heçə edib - 2:2.

Mənbə: report.az