Aftandil Hacıyev: "Bəzi futbolçular hərbi xidmətə getsələr, daha yaxşı olar"

"İlk hissədə yaxşı qol imkanlarımız oldu. Daha çox hücumda ola bilirdik. İkinci yarıya rəqib daha yaxşı başladı və hesabı açdı. Qoldan sonra "Zirə" daha çox qapandı. Rəqibin müdafiəsini yarmaq çətin idi".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Zirə"yə 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, standart vəziyyətdən qol buraxmaq komandasının yaralı yeridir: "Hər oyunda bu baxımdan əziyyət çəkirik. Rəqibi təbrik edirəm, çox diqqətli oynadılar. İmkan vermədilər ki, fərqi azaldaq. Çempionatda rəqabət yüksək səviyyədədir. Hər oyun epizodlar yaxalaya bilirik. Rəşad Sadıqovun ilk ilində medallar uğrunda oynaması təqdirəlayiqdir. Çalışacağıq ki, son oyunda istədiyimiz nəticəni əldə edək".

O, rəqibin daha daha motivasiyalı oynadığını söyləyib: "Biz də mübarizə apardıq, sona qədər oynadıq. "Zirə" ilk hissədə boşluqlar verirdi. Qol vurduqdan sonra artıq daha diqqətli olmağa başladılar. Gənc futbolçularımız var, amma rəqiblərlə müqayisədə fərdi xüsusiyyətləri yüksək olan oyunçularımız azdır. Bu gün "Zirə" qələbəyə daha layiq idi".

Hacıyevin sözlərinə görə, Premyer Liqa klublarının hamısına yerli mütəxəssislərin başçılıq etməsi çempionatda rəqabəti artırır: "Düşünürəm ki, belə davam etsə, daha yaxşı olar və rəqabət də artar. Büdcə artsa, çempionluğa əvvəlki illərdə olduğu kimi daha çox komanda iddia edər".

Baş məşqçi gənc futbolçuların hərbi xidmət keçməsi ilə bağlı suala da cavab verib: "Hər zaman çalışmışıq ki, istedadlı futbolçular hərbi xidmətə gedəndə güzəştlər olsun. Amma düşünürəm ki, bəzi futbolçular hərbi xidmətə getsə, daha yaxşı olar (gülür)".

Mütəxəssis klubdan yeni təklif aldığını gizlətməyib: "Amma hələ diqqətimiz son oyundadır. Yəqin ki, yaxın zamanda bilinəcək. Müəyyən fikirlər var, lakin hələ tam köklənə bilmirik. Büdcənin təyin olunmasından sonra planlar qururuq. Son oyundan sonra artıq bu barədə düşünməyə başlayacağıq".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə Şərqi Qüdsə sülhməramlılarını göndərə bilər

SONRAKI XƏBƏR

İtaliyada ilk: Kəşfiyyat Xidmətinin rəhbəri qadın oldu