"Neftçi" şəhid övladları üçün yay düşərgəsi açdı

“Neftçi” klubu, “ASAN Könüllüləri” Təşkilat, “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaşlı övladları üçün nəzərdə tutulmuş III “Neftçili Yay” Futbol Düşərgəsi start götürüb.

"Report"un məlumatına görə, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, fondun qazi heyəti, “ASAN Xidmət”in İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev, klub prezidenti Kamran Quliyev və Müşahidə Şurasının üzvü Səməd Qurbanov iştirak edib.

16 gün davam edəcək düşərgədə pandemiya qaydaları nəzərə alınaraq 100-dən çox iştirakçı qruplar üzrə bölünəcək, onların düşərgəyə gəlişi və gedişi təşkil olunacaq. Düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir. Bundan əlavə, uşaqlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçiriləcək, peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədiləcək. Üçüncü gün isə düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr veriləcək.

Qeyd edək ki, “Neftçili Yay” Futbol Düşərgəsi bundan əvvəl də “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə keçirilib.

Düşərgəyə “Neftçi”nin əməkdaşlarının və media nümayəndələrinin övladları, o cümlədən uşaq evlərinin sakinləri də qatılıblar. Lakin pandemiya səbəbindən ötən yay düşərgə baş tutmayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Arvadından boşanan kişi övladlarını öldürüb, cəsədlərini isə... (FOTO)

SONRAKI XƏBƏR

“Bəzi məşhurlara görə instaqrama girmək istəmirəm”