Kənan Hakimov: "Kimlərin ki, şərhi diqqət mərkəzində olub, kimlər ki, vaxtilə sevilib, dəvət göndərdik"

Kənan Hakimov: "Kimlərin ki, şərhi diqqət mərkəzində olub, kimlər ki, vaxtilə sevilib, dəvət göndərdik"

"AVRO-2020-nin oyunlarını "İdman TV" ilə bölüşdürmüşük. Bəzi matçları biz, bəzilərini isə onlar yayımlayır".

Bu sözləri Fanat.Az-a AVRO-2020-nin yayım hüququna sahib "İctimai TV"nin İdman Departamentinin rəhbəri Kənan Hakimov iki kanal arasında oyun bölgüsü barədə danışarkən deyib.

Telekanal rəsmisi qeyd edib ki, çempionatın bəzi oyunları eyni vaxtda hər iki kanalda yayımlanacaq: "Cəmi 5 oyun, açılış matçı, final görüşü və Bakıdakı 3 oyunun ortaq yayımlanması nəzərdə tutulub. Sonuncu turda keçiriləcək Türkiyə - İsveçrə matçı isə "İctimai TV"də yayımlanmayacaq. Çünki oyunlar üst-üstə düşdüyü üçün sözügedən qarşılaşmanı qarşı tərəf yayımlayacaq".

- Kənan bəy, şərhçilər korpusunda "CBC Sport" kanalından heç kim yer almayıb. Sözügedən kanalın rəsmisi Rüstəm Əfsərli ilə söhbətimizdə tərəflər arasında danışıqlar olduğunu, lakin şərtlərdə razılığa gələ bilmədiklərini dedi.

- Bəli, söhbətimiz alınmadı. Razılıq əldə olunmadı.

- Bir zamanların sevilən şərhçiləri Elnur Əşrəfoğlu, Asif Bağırov və İlqar Mikayıloğlunu dəvət etməyiniz çox maraqlı oldu. Hətta gündəm yaratdı demək olar. Bəs bu təşəbbüs kimdən gəldi?

- Bu ideya bizdə əvvəllər də ara-sıra səslənirdi. Hətta çempionatdan öncə də fikrimiz var idi ki, bunu etsək maraqlı olar. İdeyanın yaranmasının xüsusi səbəbkarı yoxdur. Şərhçiliklə bağlı sosial mediada çox şərhlər yazılır, müzakirələr olur. Şərhlərdə həmişə görürdük ki, yüzlərlə, minlərlə şərh arasında həmişə Asif Bağırovun, Elnur Əşrəfoğlunun, İlqar Mikayıloğlunun adı çəkilir. Düşündük ki, bu adamların 10 ildən artıq şərh etməmələrinə baxmayaraq, səsləri hələ də qulaqlardadır, hələ də onların şərhini dinləmək istəyənlər var. Vəssalam. Biz də fikirləşdik ki, əgər bu onlar istənilirsə, niyə də olmasın?! Demirəm hamı onları bəyənir, bəyənənlər də var, bəyənməyənlər də, bu da normal haldır. Ancaq sosial şəbəkələrdə aparılan müzakirələrdə hələ də bu adamların şərhi ilə futbola baxmaq istəyənlərin olduğunu gördük və buradan ideya yarandı.

- Dəvət etdikləriniz sırasında Doktor Ziyanın da olduğu deyilir. Lakin o, təklifinizi qəbul etməyib. Bu məlumat doğrudur?

- Tək Asif Bağırov, Elnur Əşrəfoğlu və İlqar Mikayıloğlu yox, çox şərhçinin adı çəkilirdi. Bizim dəvət etmək istədiklərimiz var idi. Ad çəkməyəcəm, tamaşaçılara nostalji hisslər yaşadacaq insanlara dəvət göndərmək istədik. Sadəcə elələri oldu ki, istəmədi. Yenə deyirəm, ad çəkməyəcəm, söhbət Doktor Ziyadan da getmir, sadəcə bəzi şərhçilər istəmədi. Biz də bunu normal qarşıladıq. Kimlərin ki, şərhi diqqət mərkəzində olub, kimlər ki, vaxtilə sevilib, dəvət göndərdik. Amma hər kəsin fikrinə hörmətlə yanaşmalıyıq. Bu, elə bir işdir ki, gərək qarşı tərəfin də istəyi olsun.

- Asif Bağırov, Elnur Əşrəfoğlu və İlqar Mikayıloğlu ilə yanaşı "İctimai TV"dən Tural Dadaşov və Ürfan Məmmədli də şərhçilər korpusunda yer alıb. Kənan bəy, bəs sizi şərhlərdə görə biləcəyik?

- Açığı, özüm çox istəyirəm ki, heç olmasa bir oyunu şərh edim. Sadəcə təşkilati məsələlərlə məşğul olduğum üçün vaxtım olmur. Bilirsiz ki, bir oyuna hazırlaşmaq üçün insana ən azı 5-6 saat vaxt lazım olur. Mən isə təəssüf ki, bu imkandan məhrumam (gülür)... Ancaq çox istəyirəm. Bilmək olmaz, bəlkə mən də şərh etdim.

Röya Kərimli

Mənbə: fanat.az