"Çükariçki" "Sumqayıt"la görüşün taleyini ilk oyunda həll etmək istəyir

"Çükariçki" "Sumqayıt"la görüşün taleyini ilk oyunda həll etmək istəyir

"Azərbaycan çempionatının qiymətləndirməmək olmaz. Əksinə, rəqibimizin üçüncü yeri tutması keyfiyyətli komanda olmasından irəli gəlir".

"Report"un məlumatına görə, bunu Serbiyanın "Çukariçki" klubunun kapitanı Marko Dokiç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

28 yaşlı dayaq yarımmüdafiəçisi bildirib ki, bu mərhələdə asan rəqiblər olmur: "Yaxın günlərdə biz rəqib barədə çoxlu məlumat toplayacağıq. Qarşıdakı görüşlərə yavaş-yavaş hazırlaşmalıyıq".

Dokiçin fikrincə, ilk matçın nəticəsi cütün qalibinin adına böyük ölçüdə aydınlıq gətirəcək. O, Banovo Brdo şəhərindəki ev oyununda top buraxmadan qalib gəlmək istədiklərini söyləyib: "Bununla yanaşı, ümidvaram ki, iki il əvvəl Ermənistan "Banants"ı və Norveç "Molde"si ilə qarşılaşmalardakı ab-hava təkrarlanacaq və azarkeş dəstəyi bizim üçün böyük əhəmiyyət kəsb edəcək".

"Çukariçki"nin idman direktoru Vladimir Matiyaşeviç isə 6 il əvvəl "Qəbələ" ilə oyunda olduğu kimi, yenə uzun yol qət edəcəklərini xatırladıb: "İlk rəqibimiz bizə hələ tanış deyib. Bütün təfərrüatları yaxın günlərdə biləcəyik. Amma bizi uzun yolun gözlədiyinin fərqindəyik. Bu səbəbdən, yerli iqlimə uyğunlaşmağımız lazımdır. Eyni istiqamətə səyahət təcrübəmiz var. 6 il əvvəl "Qəbələ" ilə oynayaraq, uğursuzluğa düçar olmuşduq (1:0, 0:2 - red.). Ümidvaram ki, indi nəticə müsbət olacaq. Öz meydanımızda keçirəcəyimiz ilk oyuna hazırlaşırıq. Qol buraxmadan qazanacağımız qələbə cavab görüşü üçün üstünlük olacaq".

Qeyd edək ki, "Çukariçki" "Sumqayıt"la ilk oyununu iyulun 22-də keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.

Mənbə: report.az