Nazirlikdən Şəhriyarın qınağına münasibət

Nazirlikdən Şəhriyarın qınağına münasibət

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Grand Ches Tour"un qalibi olan Şəhriyar Məmmədyarov "Facebook" hesabında paylaşdığı statusda Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyası tərəfindən təbrik almadığını deyərək inciməsinə eyham vurub.

Məsələ ilə əlaqədar olaraq Gənclər və İdman Nazirliyi ilə əlaqə saxladıq.

 

Qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Qabil Mehdiyev Fanat.Az-a açıqlamasında bildirdi ki, qrossmeyster Bakya qayıdanda onunla görüş keçiriləcək:

 

"Şəhriyar Məmmədyarov bizim ən güclü şahmatçılarımızdan biridir. Onun uğurları ilə həmişə fəxr edirik və inanırıq ki, daim idman ictimaiyyətini sevindirməkdə davam edəcək.

Nazirlik olaraq, hər ilin sonunda bütün idmançılarımızı təbrik edirik, mükafatlandırırıq, onların qələbələri münasibətilə müvafiq federasiyalara təbrik ünvanlayırıq. Şəhriyarın "Grand Chess Tour” turnirindəki qələbəsi elə qalib gəldiyi gün nazirliyin rəsmi saytında yerləşdirilib və mətbu orqanımız olan "İdman” qəzetində işıqlandırılıb.

Şəhriyar hələ Azərbaycana qayıtmayıb, bildiyimə görə turnirin növbəti mərhələləri ilə əlaqədar hələ bir-iki ay ölkə xaricində olacaq.

Turnirin son mərhələsi də ABŞ-da keçiriləcək. Nazirlikdə qalib idmançılarımızla görüşlər mütəmadi olaraq keçirilir. Ümid edirik ki, Şəhriyar turniri zəfərlə başa vurub Vətənə qayıdacaq və onunla da görüş olacaq".

 

Röya Kərimli

Mənbə: fanat.az