Avro-2020: 1/4 final üçün Bakıya hansı komandalar gələ bilər?

Avro-2020-də artıq qrup mərhələsi sona yaxınlaşır və iyunun 23-də son oyunlar oynanılacaq. “Qafqazinfo” xəbər verir ki, 24, 25 iyunda istirahət günləri olacaq və 26-dan etibarən 1/8 final mərhələsinə start veriləcək.

Bu mərhələdə Azərbaycanda heç bir oyun baş tutmayacaq. Bakıda növbəti Avro-2020 qarşılaşması 1/4 final mərhələsinin oyunu olacaq.

İyulun 3-də baş tutacaq qarşılaşma üçün paytaxtımıza hansı komandaların gələcəyi hələ ki, bəlli olmasa da, ehtimallar var.

Daha doğrusu UEFA-nın təqviminə görə, 1/8 final mərhələsində 3-cü cütün qalibi ilə, 1-ci cütün qalibi Bakı Olimpiya Stadionunda yarımfinal üçün mübarizə aparacaq.

Bu komandalar kimlər ola bilər?

Qrupdan növbəti mərhələyə vəsiqə qazanmış Niderland yığması 3-cü cütün ilk bəlli olan komandasıdır. Onun rəqibi isə D, E və F qruplarından çıxan 3-cü yeri tutmuş komandalardan biri olacaq. Əgər D qrupunda 3-cü yeri tutan komanda 1/8 finala vəsiqə qazanan 4 ən yaxşı 3-cü yerdən biri olarsa, Niderland yığmasına rəqib olacaq. Əgər yox, 3-cü yeri tutan komanda ən yaxşı “4-lük” arasına düşməzsə, E qrupunun 3-cüsü bunu bacaracağı halda Niderlandla 1/4 final üçün mübarizə aparacaq. Burada da qrup 3-cüsünün nəticəsi növbəti mərhələ üçün kifayət etməsə, F qrupunun 3-cüsü Bakıda oynamaq üçün mübarizə aparacaq.

Bəs, bu qruplarda hansı komandalar yer alıb:

D qrupunda Çexiya, İngiltərə, Xorvatiya və Şotlandiya yer alıb. Bu qrupda 3-cü pilləni isə Xorvatiya və ya Şotlandiya tutacaq. Çünki Xorvatiya İngiltərəyə, Şotlandiya isə Çexiyaya uduzub. Bu halda heç bir komanda qrup ikincisi ola bilmir.

E qrupunda İsveç, İspaniya, Slovakiya və Polşa yer alır. Maraqlıdır ki, bu qrupda 4 komandanın hər biri 3-cü pillədə yer ala bilər.

Niderland üçün ən maraqlı rəqib isə F qrupundan çıxa bilər. “Ölüm qrupu” adlandırılan qrupda Fransa, Almaniya, Portuqaliya və Macarıstan yer alıb. Macarların şansı nə qədər az dəyərləndirilsə də, onlar da 3-cü pilləyə sahib çıxa bilərlər. Ümumiyyətlə, E qrupu kimi bu qrupda da 3-cü pilləni hansı komandanın tutacağı bəlli deyil.

1-ci cütdə yer alacaq ilk komanda isə Bakıda 2 matçını keçirən Uels yığmasıdır. A qrupundan 2-ci pillənin sahibi kimi 1/8 finala vəsiqə qazanan britaniyalılar öz rəqibini gözləyir. Onların rəqibi isə B qrupunun ikincisi olacaq. Bu isə Finlandiya və ya Rusiya olacaq. Danimarka finlandiyaya uduzduğundan qrupdan çıxmaq şansını saxlasa da, yalnız ən yaxşı 3-cü yerin sahibi kimi vəsiqə əldə edə bilər.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Təranə Qumralın daha bir qızı gözəlliyi ilə heyran edir - FOTO

SONRAKI XƏBƏR

Azad olunan ərazilərdə 28 Azərbaycan vətəndaşı minaya düşərək həlak olub, 120-dən çoxu yaralanıb