Tokio-2020: Daha bir atletimiz lisenziya qazanmağa çox yaxındır

Tokio-2020: Daha bir atletimiz lisenziya qazanmağa çox yaxındır

Azərbaycan atleti Rüstəm Məmmədov Kiprin Limassol şəhərində keçirilmiş 3-cü liqa komandları arasında Avropa çempionatında bürünc medal qazanıb.

Bu barədə "Report"a yığmanın baş məşqçisi Bəhruz Salehli məlumat verib. O bildirib ki, Məmmədov üç təkanla tullanma növündə 15.43 metr nəticə ilə üçüncü yeri tutub.

Təcrübəli mütəxəssis bu növdə çıxış edən Aleksis Kopellonun isə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa yaxın olduğunu söyləyib: "İki idmançı lisenziyanı 100 faiz təmin edib. Çəkicatma növündə Anna Skidan, üç təkanla tullanmada isə Nazim Babayev lisenziya əldə edib. Üçüncü vəsiqə, böyük ehtimalla, Aleksis Kopelloya nəsib olacaq. Üç təkanla tullanmada həm xalla, həm də nəticə ilə lisenziya verilir. Kopello xal hesabına görə 32 nəfərin içində 7-8-ci yerləri bölüşdürür. İki lisenziya 100 faizdir. İyunun 29-da bütün yarışlar bitdikdən sonra üçüncü idmançımızın açıqlanmasını gözləyirik. Kopellonun da Tokio-2020-də iştirak ehtimalı çox böyükdür. Yollanmama ehtimalı bir faizdir, hər şey ola bilər. Çünki bu, idmandır. İyunun 29-da beynəlxalq federasiya bu məsələlərə aydınlıq gətirəcək".

Salehli olimpiadaya vəsiqə qazanan idmançıların hazırlıq prosesi barədə də danışıb: "Nazim Babayev hazırda Türkiyənin Antaliya şəhərində hazırlıq keçir. Anna Skidan Ukraynanın paytaxtı Kiyevdə, Kopello isə İspaniyanın paytaxtı Maddirdə toplanışdadır".

Mənbə: report.az