Cəlilabadlı polis işçisi Avropa Çempionatında hakimlik edib

Cəlilabadlı polis işçisi Avropa Çempionatında hakimlik edib

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə yeniyetmələrin Avropa birinciliyində oyunların idarə edilməsində iki azərbaycanlı hakim də iştirak edib. Yığmamızın Azərbaycanın güləş tarixində ilk dəfə Avropa Çempionu olduğu yarışları idarə edən hakimlərdən biri Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı, polis leytenantı, sərbəst güləş üzrə əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, idman ustası Tural Əliyevdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir neçə ildir çoxsaylı beynəlxalq yarışlarda ədaləti qoruyan polis əməkdaşının özünün də zorxana güləşi üzrə böyük nailiyyətləri var. O, bu idman növü üzrə üçqat Avropa çempionu və üçqat dünya kubokunun sahibidir.

Tural Əliyev 2009-2011-ci illərdə üç il ardıcıl olaraq dünyada ilin ən yaxşı güləşçisi seçilib. O, həm də ölkə tarixində 24 yaşında əməkdar məşqçi adına layiq görülən ən gənc idmançıdır. Onun yetirmələrinin arasında dünya və Avropa çempionatlarında ölkəmizə medallar qazandıran, böyük nailiyyətlər əldə edən idmançılar var.

Polis zabiti qazandığı nailiyyətlərin həm də ölkə rəhbərliyinin idmana olan diqqətinin və qayğısının nəticəsi hesab edir. Tural Əliyev həm idman ustası, həm də polis zabiti kimi asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə dövlətimizə və xalqımıza daim şərəflə və qürur hissi ilə xidmət etməsindən qürur duyduğunu bildirib.

Mənbə: azertag.az