Avropa çempionatında uğurla çıxış edən güləşçilərimiz mükafatlandırılıblar

Avropa çempionatında uğurla çıxış edən güləşçilərimiz mükafatlandırılıblar

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında tarixi uğura imza atan güləşçilərimiz mükafatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, çempionatda 12 medal - 4 qızıl, 3 gümüş və 5 bürünc medal qazanan güləşçilərimiz, xüsusən də yunan-Roma güləşçilərimiz rekord nəticə ilə diqqəti cəlb ediblər. Qitə birinciliyində iştirak edən milli komandanın 9 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Yığmamız 153 xalla ilk dəfə Avropa çempionu olub.

Bu nəticələr Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. İyunun 22-də federasiyanın prezident əvəzi Namiq Əliyev qitə birinciliyində medal qazanan idmançılara pul mükafatları təqdim edib.

Qurumun rəhbəri güləşçilərimizin məsul yarışda uğurlu çıxışının əhəmiyyətini xüsusi vurğulayaraq deyib: “Bu nəticələr göstərir ki, güləş Azərbaycanda sürətlə inkişaf edir. Demək olar ki, ölkənin bütün bölgələrindən medalçılarımız var. Güləşçilərimizi və məşqçilərimizi təbrik edirik. Qarşıdan yeniyetmələrin dünya çempionatı gəlir. İnanıram ki, həmin yarışda da güləşçilərimiz nailiyyətlər qazanacaqlar. İnşallah, bu uğurlu başlanğıcın davamı Olimpiadada da gələr. Bir neçə gündən sonra gənclərin Avropa çempionatı start götürəcək. Orada çıxış edəcək güləşçilərdən də uğurlu nəticələr gözləyirik. Növbəti Olimpiadaya 3 il qalıb. Həmin vaxt 19-20 yaşınız olacaq. Toğrul Əsgərov məhz bu yaşda Olimpiya çempionu olub. Ümid edirəm ki, Fransada keçiriləcək növbəti Olimpiya Oyunlarında sizin aranızda da ölkəmizi təmsil edənlər olacaq. Siz Azərbaycan güləşinin gələcəyisiniz. Pandemiya ilə əlaqədar bizim üçün ağır il oldu. Belə şəraitdə qazandığınız uğurların dəyəri daha böyükdür”.

Daha sonra media nümayəndələrinin suallarını cavablandıran Namiq Əliyev Samokovda tarixi uğurun qazanıldığını vurğulayıb. Yunan-Roma güləşi üzrə millimizin ilk dəfə komanda hesabında Avropa çempionu olduğunu qeyd edən federasiya rəhbəri deyib: “Bir neçə sərbəst güləşçimiz də finaladək irəlilədi. Onlardan biri zədəyə görə finalda güləşə bilmədi. Digər iki güləşçimiz isə Rusiya təmsilçilərinə uduzaraq gümüş medala sahib oldular. Onların hamısı yerli güləşçilərdir, öz yetirmələrimizdir. Bu, onu göstərir ki, Azərbaycan güləşinin gələcəyi var. Bu gənclərin bir qismi növbəti Olimpiadada ölkəmizi təmsil edəcək”.

Tokio Olimpiya Oyunlarına lisenziya qazanan güləşçilərimiz arasında dünya və Olimpiya çempionlarının olduğunu xatırladan N.Əliyev bildirib: “Olimpiyaçılarımızın hər birindən medal gözləyirik. Düzdür, medalların əyarı ilə bağlı proqnoz vermək çətindir. Ancaq 7 idmançımızın hər birindən Olimpiadada yüksək nəticə gözləyirik. Hazırda olimpiyaçılarımız Göygöldə təlim-məşq toplanışı keçirlər. Onlar iyulda Bakıda tanınmış və titullu əcnəbi güləşçilərin iştirakı ilə son hazırlıq prosesini keçəcəklər. Ondan sonra Olimpiadaya yola düşəcəyik”.

Mənbə: azertag.az