Ağırlıqqaldıranımızın cəza müddəti artırıldı

Ağırlıqqaldıranımızın cəza müddəti artırıldı

Azərbaycan ağırlıqqaldıranı Valentin Xristovun cəzası ağırlaşdırılıb.

"Report" Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytına istinadən xəbər verir ki, antidopinq qaydalarını pozduğu üçün 2015-ci ildə bütün yarışlardan 8 il müddətinə kənarlaşdırılmış 27 yaşlı idmançının diskvalifikasiya dövrü daha 2 il artırılıb. Bu, 2012-ci il London Yay Olimpiya Oyunları zamanı götürülmüş dopinq-testlərin təkrar analizləri nəticəsində müəyyənləşib.

2023-cü il dekabrın 15-dən qüvvəyə minəcək yeni cəzanın müddəti 2025-ci ilin 14 dekabrında başa çatacaq.

Qeyd edək ki, Valentin Xristov 2012 və 2015-ci illərdə Avropa çempionu, 2011-ci ildə dünya çempionatının, 2012-ci ildə isə London olimpiadasının bürünc mükafatçısı olub. O, 2013-cü ildə orqanizmindən dehidrometiltestosteron tapıldığı üçün 2 il, 2015-ci ildə orqanizmindən nandrolon aşkarlandığı üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Xristovun Londonda qazandığı medal, bu səbəbdən, idmançıdan alınıb.

Mənbə: report.az