"Araz"ın idman direktoru Qazaxıstan klubu üçün menecerlik edib

"Araz"ın idman direktoru Qazaxıstan klubu üçün menecerlik edib

Futzal üzrə Azərbaycan çempionu "Araz"ın idman direktoru Marat Salyanski Qazaxıstan klubu "Bayterek"in iki legionerinin meneceridir. Söhbət Rahancam Həmidrza və Peyman Hafizidən gedir.

Fanat.Az xəbər verir ki, sirrin üstü iranlı futzalçıların yerli mətbuata müsahibələrində Salyanskinin adını çəkməsi nəticəsində açılıb.

Qeyd edək ki, məşhur Tayebidən sonra Qazaxıstanda çıxış edəcək ilk oyunçular olduğundan, İranda onlara maraq böyükdür.

Bu barədə millimizin sabiq qapıçısından reaksiya öyrəndik. Salyanski Həmidrza və Peymanın keçidində qazax klubuna yardım göstərdiyini etiraf etdi:

"Bayterek"in baş məşqçisi Oleq Soldovnik dostumuzdur. "İberiya"nı "Dördlər finalı"na daşıyan, Donetsk "Şaxtyor"unda işlədiyi 5 il ərzində 5 dəfə çempion olan, 90-cı illərdə "Dina"da məşhur Yeremenko ilə çiyin-çiyinə oynayan, onunla yaxın dost olan şəxsdir. Millimizin oyunçusu Vassura o vaxt ukraynalının komandasında çıxış edib. Bir sözlə, əlaqələrimiz var. Onun istəyindən sonra iranlılarla əlaqə saxlayıb onların "Bayterek"ə keçidinə yardım göstərdim. Heç şübhəsiz, əsas diqqətimizi "Araz"ın transferlərinə yönəltmişik. İki braziliyalı futzalçı ilə danışıq aparırıq və çox güman, yaxın günlərdə onlarla münasibətlərimizi rəsmiləşdirəcəyik".

Mənbə: www.fanat.az