Amit Quluzadənin "Milsami"dən ayrılma səbəbi - MÜSAHİBƏ

Amit Quluzadənin "Milsami"dən ayrılma səbəbi - MÜSAHİBƏ

Millimizin sabiq futbolçusu Amit Quluzadə çıxış etdiyi Moldovanın "Milsami" klubundan ayrılıb.

 

Fanat.Az-a danışan 29 yaşlı yarımmüdafiəçi komandasını tərk etmə səbəbi və bir sıra maraqlı məqamlara aydınlıq gətirib:

- "Milsami"dən ayrılmağına səbəb nə oldu?

- Hardasa 4 aya yaxın müddətdə maaşımız ödənmədi. Kimisə günahlandırmaq istəmirəm. Klubun işçiləri hər şeyin qaydasına düşməsi üçün əllərindən gələni etməyə çalışdırlar. Ancaq rəhbərlikdə olan bəzi şəxslər hər dəfə söz verməklərinə baxmayaraq, ödəmədilər. Mən isə bundan yorulduğum üçün klubdan ayrılmağı məqsədə uyğun hesab etdim. Mənə çatacaq pulun çox hissəsini orda qoyaraq, az miqdar alıb müqaviləyə xitam verdirdim. Yəni ayrılmağıma səbəb bu idi.

- Həmişə legioner həyatı yaşamağa can atmısan. Ona görə də Azərbaycan Premyer Liqasında çox qalmadın. Necə düşünürsən, legioner karyeranı uğurlu saymaq olar?

- Bəli, elə uşaqlıqdan xaricdə futbol oynamaq istəyirdim. 6 ölkədə - Portuqaliya, Yunanıstan, Türkiyə. Kosovo, Moldova və Bosniyada futbol oynamaq nəsib oldu. Çox güclü ölkələr deyil, amma aralarında top səviyyəyə yaxın ölkələr də var. Açığı, bunu demək ağır olsa da, etiraf etməliyəm ki, Azərbaycan pasportu Avropa Birliyinə daxil olmadığına görə, çox vaxt problem yaşamışam. Məsələn, Bolqarıstan Super Liqası və Avstriyanın II Bundesliqasında dəvət aldım və qısa müddətdə getməliydim. Amma viza üçün nə qədər çalışsam da, ala bilmədim. Ümumiyyətlə, bəzi şeylər var ki, açıb demək olmur. Ölkə futbolunun nüfuzu məsələsi var. Bu, çox uzun mövzudur, bu barədə danışmaq istəmirəm. Yenə də şükürlər olsun ki, futbolda təcrübə qazandım, çox yerləri gördüm, çox insanlar tanıdım. Bu isə mənim üçün pulla alına bilməyəcək bir təcrübə idi. Buna görə çox xoşbəxtəm.

Bəzən həm həyat, həm kayreyamızda işlər istədiyimiz getmir. Ümumiyyətlə, mənim karyeram qarışıqdır. Çox şey planlaşdırdığım, çox şey isə planlaşdırmadığım kimi olub. Azərbaycana gəlincə isə, elə məqamlar var ki, futbolçunun sadəcə oyunu kifayət etmir.

- Gələcəklə bağlı nə planların var?

- İsrail, Bolqarıstan və Makedoniyadan təklif aldım. Vizaya görə Bolqarıstana gedə bilmədim. Makedoniya klubunun baş məşqçisi məni heyətdə görməyi çox istəyirdi, sadəcə olaraq klubda maliyyə ilə bağlı problem yaranıb və hələ də davam edir. Çox güman ki, razı olmayacam. Sponsorla bağlı problem var. Mən də çox az məvacibə getmək istəmədim. İsrail klubunun da təklifini dinlədim və öz şərtlərimi dedim. İki gün əvvəl danışmışıq. Yəqin ki, dəyərləndirəcəklər. Hələ ki, gözləmə mövqeyindəyəm.

 

Röya Kərimli

Mənbə: fanat.az