Astarada “Narkomaniyaya yox deyək!” devizi ilə budo döyüş növü üzrə klublararası açıq turnir keçirilib

Astara Olimpiya İdman Kompleksində rayon Gənclər və İdman İdarəsinin, Polis Şöbəsinin və şəhid Pəncəli Teymurov adına Astara Budo Döyüş Növləri Klubunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” devizi ilə budo döyüş növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında klublararası açıq turnir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rayon Polis Şöbəsinin məsul əməkdaşı, polis kapitanı Ceyhun Məmmədov, Pəncəli Teymurov adına Astara Budo Döyüş Növləri Klubunun nümayəndəsi Ramiq Rəhmanov, yarışların baş hakimi Orxan Cəbiyev ölkəmizdə idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışaraq onlara qələbə sevincləri arzulayıblar.

Tədbir iştirakçıları Astara Olimpiya İdman Kompleksinin foyesində Astara Rayon Dövlət Rəsm Qalereyasında rəsm və əl işləri üzrə dərnəklərdə təhsil alan yaradıcı yeniyetmə və gənc rəssamların “Narkomaniyaya yox deyək” mövzusunda əsərlərinin sərgisi ilə tanış olublar.

Yarışlar beynəlxalq budo döyüş qaydalarına uyğun olaraq Full kontakt, Free kontakt, Qrapplinq döyüş sistemlərində müxtəlif yaş və çəki dərəcələri üzrə keçirilib.

Açıq turnirdə Astara (3 komanda), Lənkəran (2 komanda), Masallı (2 komanda), İmişli (2 komanda) rayonlarının idman klubları və Bakı şəhərinin (4 komanda) klubları, Mingəçevir şəhərinin “Niko Fait” klubu, ümumilikdə 14 klub və bu klubları təmsil edən 157 nəfər idmançı fəxri yerlər uğrunda mübarizə aparıb.

Müxtəlif çəki dərəcələrində I, II və III yerlərə sahib olan idmançılar Astara Rayon Gənclər və İdman İdarəsinin, rayon Polis Şöbəsinin, şəhid Pəncəli Teymurov adına Astara Budo Döyüş Növləri Klubunun birgə təsis etdikləri diplomlar və medallarla təltif olunublar.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Yoluxanların sayı artdı - FOTO

SONRAKI XƏBƏR

Flora Kərimova 80 yaşında!