“Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimi Sena çayı üzərində təşkil olunacaq

“Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimi Sena çayı üzərində təşkil olunacaq

Paris, 25 iyul, AZƏRTAC

“Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimi Sena çayı üzərində barjalarda təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu haqda Tokiyo-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmiş Fransa Prezidenti Emmanüel Makron “L’Equipe” idman kanalına müsahibəsində bildirib.

Fransa prezidenti qeyd edib ki, “Paris-2024” Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Toni Estangenin komandası, eləcə də digər kollektivlərin və dövlət xidmətlərinin birgə fəaliyyəti nəticəsində Paris Olimpiya Oyunlarının açılış mərasiminin bənzərsiz və yenilikçi bir mərasim olacaq. E.Makron unudulmaz bir açılış mərasimi təşkil etməyi arzulayır. “İstəyirik ki, açılış mərasimi həqiqətən də populyar, hamıya açıq olsun. Təcrübə baxımından bənzərsiz, çox yenilikçi və fransızlar üçün mənası olsun, dünyaya mesaj versin”, - deyə E.Makron diqqətə çatdırıb.

Fransa prezidentinin yanında olan Paris Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Toni Estange bildirib ki, məqsəd söylənilən fikirləri, seçimləri qarşıdan gələn aylarda, ən geci cari ilin sonuna qədər təsdiqləməkdir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Mənbə: azertag.az