Samir Abasov: "Belə oynamaq cəsarət tələb edir"

"Məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Əfsuslar olsun ki, turnirdən kənarda qaldıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə Yunanıstan "Olimpiakos"una 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının cavab oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, bu görüş komandası üçün yaxşı təcrübə olub: "Əsas odur ki, ruhumuzu ortaya qoya bildik. Buradan üzüqara çıxmırıq. Hər iki görüşdə xarakterimizi ortaya qoya bildik. Uşaqlara təşəkkürümü bildirirəm. Belə oynamaq cəsarət tələb edir".

Abasov müdafiəçi Ömər Buludovun erkən əvəzlənməsinin səbəbini açıqlayıb: "Futbolçular bu cür matçlarda böyüyür. Kim ruhla oynamayacaq, mandrajda olacaqsa, həyatı da belə keçəcək. Oyundan əvvəl hansı futbolçunun belə oynayacağını kimsə bilirsə, onun yanında öyrənə bilərik. İlk matçda Ömər Buludovun oynamamasının səbəbini soruşanlar bu gün onun niyə meydana çıxdığını sual verirlər. Futbolçu əvəzlənməsini istədi, biz də dəyişdik. Mənim tanıdığım Ömər bizə yalan deməz. Hər bir oyun gənclər üçün təcrübədir".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Zelenski Baş Qərargah rəisini istefaya göndərdi

SONRAKI XƏBƏR

Füzulidə iki erməni cəsədi aşkarlanıb