"Böyük şəhərin tək komandası" 16 dəqiqəyə təslim oldu

"Çukariçki” ilə oyun avrokuboklarda "Sumqayıt"ın ikinci sınağı idi. Serbiyadan 0:0-lıq heç-heçə ilə geri dönən "Şəhərlilər" yerli azarkeşlərin gləcəyə nikbin baxmalarına səbəb olmuşdu. Klubun tarixində ikinci Avropa səviyyəli turnirin səfər oyunu üçün heç də pis nəticə deyildi. Həmin görüşdə 5-4-1 düzülüşü ilə meydana çıxmaqda "Sumqayıt"ın məqsədi bəlli idi. Bu dəfə komanda oyuna başqa əhvalla, başqa yanaşma ilə çıxmalı idi. Azarkeşlərin də dəstəyi ilə meydan amilindən yararlanmaq, klub tarixində bir ilkə imza atmaq.

Oyun primitiv şəkildə başladı. "Sumqayıt" rəqibin kəşfiyyatını zəiflik kimi qiymətləndirib bundan yaralanmaq qərarına gəldi. Cəmi 9 dəqiqə çəkən bu gözlənti bizimkilər üçün arzulanan kimi bitmədi. Oyunun 10-cu dəqiqəsində rəqib bizə, baş tutan hücumun necə tamamlanmalı olduğunu göstərdi. İlk rahat vəziyyəti tapan "Çukariçki" ustalıq nümayış etdirdi və cinahdan gələn ötürməni qolla çevirdi. Ndiaye serbləri hesabda irəli çıxardı.

Yaxşı müdafiəçi soyuqqanlı olan, peşəkar davranan, bütün ehtimalları nəzərə alıb həm özünü, həm də komanda yoldaşlarını sığortalaya biləndir. Höcət Haqverdi isə höcətliyindən qalmayıb növbəti hücumun qarşısını kobudluqla aldı. Beləliklə, rəqibə penalti qazandırdı. Serblər bu şansı əldən vermədi. Marko Dociç penaltini düzgün yerinə yetirdi və 0:2. Bu artıq mərhələ adlamaq şansının 16-cı dəqiqədə böyük ölçüdə əldən çıxması demək idi.

İlk 20 dəqiqədə ara-sıra təmsilçimizin ifasında hücum müşahidə edirdik. Bu mənada, hücum futbolu sərgiləyən "Çukariçki", 5-4-1 taktiki sxemi ilə meydana çıxan "Sumqayıt"dan daha yaxşı görünürdü. Beş nəfərlə müdafiə olunan "Sumqayıt" xüsusilə Ndiayenin qarşısını almaqda çətinlik çəkirdi.

Oyunun 34-cü dəqiqəsində Rəhim Sadıxov cərimə zərbəsindən rəqibin qapıçısı üçün təhlükə yaratdı, amma Petkoviç ustalıq nümayiş etdirərək qapını toxunulmaz saxladı. Qeyd edək ki, sumqayıtlıların heyətində Rəhim oyunun ən yaxşılarından biri idi.

İlk hissəni "Sumqayıt" soyunub-geyinmə otağına məğlub yollandı.

İkinci hissədə edilən dəyişikliklər heç nəyə təsir etmədi. Futbolçularımızın oyuna yanaşması da eyni ilə dəyişilməz olaraq qalırdı. "Sumqayıt" artıq mövcüd durumla razılaşmışdı.

Klub maksimum nəyə qadir olduğunu ortaya qoydu və yəqin anladı ki, avrokuboklar Azərbaycan çempionatı deyil. Aradakı fərq uçurum səviyyəsindədir...

Emin Şəmsiyev

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

“Azfinance İnvestisiya Şirkəti” daha da kiçilib, mənfəəti 2 dəfədən çox azalıb

SONRAKI XƏBƏR

Üç şirkətin Azərbaycandan göndərdiyi tərəvəz yararsız çıxdı