Naxçıvanlı şahmatçı beynəlxalq yarışın mükafatçıları sırasındadır

Naxçıvanlı şahmatçı beynəlxalq yarışın mükafatçıları sırasındadır

Serbiyanın Voyevodina muxtar vilayətində keçirilən şahmat üzrə “XI Open International Championship of Vojvodina 2021” adlı beynəlxalq açıq çempionatda iştirak edən Naxçıvan Şahmat Federasiyasının idmançısı Rza Həsənov mükafatçılar sırasındadır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Rza Həsənov 81 iştirakçının qərarlaşdığı “B” qrupunda mübarizə aparıb. Ölkəmizi bu qrupda təmsil edən yeganə şahmatçı 8 görüşdən 5,5 xal (5 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət) toplamağa müyəssər olub. Bu nəticə ilə 14 yaşlı şahmatçılar arasında 2-ci olan Rza, reytinq əmsalını da 137 xal artırıb.

Qeyd edək ki, 6 gün davam edən yarışda 14 ölkədən, ümumilikdə, 140 idmançı qatılıb. Çempionatın görüşləri iki qrupda oynanılıb.

Mənbə: azertag.az