Samir Abasov: "Cavab matçında hər şeyə sıfırdan başlayacağıq"

Samir Abasov: "Cavab matçında hər şeyə sıfırdan başlayacağıq"

"Maraqlı oyun alındı. Hesaba baxmayaraq, mərhələ iki matçdan ibarətdir. Səfər qolu ləğv olunduqdan sonra bu, bizə üstünlük verə bilər. Səfər matçında hər şeyə sıfırdan başlayacağıq. Hər bir halda xarakterimizi ortaya qoymalı, oradan sərfəli nəticə ilə gəlməliyik. Bunun üçün hər şeyi edəcəyik".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Finlandiyanın HİK (Helsinki) komandası ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis pis oynamadıqlarını bildirib: "Aqil Məmmədov zədələndikdən sonra planımız pozuldu. Buna baxmayaraq, Kamran İbrahimov bu cür matçda çox inbamlı oynadı. Bu da komandaya inam verdi. Cavab görüşündə əlimizdən gələni edəcəyik".

Onun sözlərinə görə, sxemin içində oyunçu dəyişiklikləri məcburiyyətdən doğan bir şeydir: "Futbolçuların psixoloji və fiziki durumunu biz daha yaxşı bilirik. Düz deyirsiniz, Emin Mahmudova çox yük düşdü. Emin özü də çox qaçan oyunçudur. Komandamdan razı qaldım. Hər şey yaxşı idi. Oyunun sonlarına doğru futbolçular yorulmuşdu. Ona görə müdafiəyə çəkilmək məcburiyyətində qaldıq. Bəzən rəqib də səni buna məcbiur edir".

Abasov ilk hissədə zədələnən Aqil Məmmədovun durumuna da toxunub: "Onun səhhətində problemlər var idi. "Olimpiakos"la görüşdən sonra 3 gün qızdırmalı olmuşdu. Neçə gün məşq etməmişdi. Bu gün Aqilin zədəsi haqqında nəsə demək çox çətindir. Ümid edirik ki, yaxşı olacaq".

Mənbə: report.az