"Qəbələ"nin baş məşqçisi: "Bu statistika komandaya əlavə motivasiya verirdi"

"Qəbələ"nin baş məşqçisi: "Bu statistika komandaya əlavə motivasiya verirdi"

“Oyunun çətin keçəcəyini bilirdik. Komandanı da həftə ərzində ağır matça hazırlayırdıq”.

"Report"un məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev "Səbail"ə 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IV tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis komandasından razı qaldığını bildirib: “Son iki mövsümdə öz meydanımızda “Səbail”i uda bilməmişdik. Bu statistika komandamıza əlavə motivasiya verirdi. Futbolçular verilən tapşırığı layiqincə yerinə yetirdilər”.

Baxşıyev meydana sonradan daxil olaraq yaxşı təsir bağışlayan yeni transfer Omar Haninin hələlik tam hazır olmadığını söyləyib: “Omar bu gün potensialının 50 faizini göstərdi. Məşqlərdə də hiss edirik ki, optimal formada deyil. İdeal formasını bərpa edəndən sonra daha yaxşı və rəngarəng Omar görə bilərik”.

Baş məşqçi ilk hissə ilə müqayisədə fasilədən sonra hücumda daha yaxşı çıxış etmələrinə də münasibət bildirib: “Əslində, komanda birinci hissədə də meydanda rahat idi. Necə hücum etmək lazım olduğunu bilirdik. Sadəcə, fasilədə 1-2 korrektə etdik ki, hansı zonalara daha çox nəzər yetirmək lazımdır. İkinci hissədə oyunçular daha artığını edib, layiqli qələbə qazandılar. “Qəbələ”nin potensialı bu deyil, daha yaxşı ola bilərik. İnanıram ki, oyun planında getdikcə daha yaxşı olacağıq”.

O, hücumçu Ülvi İsgəndərovun bu mövsüm 3 matçda sonradan meydana çıxdıqdan sonra qol vurmasına da toxunub və forvardı ehtiyatdan mübarizəyə qoşmağının xüsusi inancla əlaqəli olmadığını vurğulayıb: “Mən də daxil olmaqla, komandada heç kim “fart”a inanmır. Ülvi lazımi anda komandanı gücləndirə biləcək oyunçudur. Sevindirici haldır ki, fayda verir”.

Baxşıyev qarşılaşmanın 50-ci dəqiqəsində zədələnərək əvəzlənən Yaovi Akakponun durumunun hələlik bəlli olmadığını deyib: “Müayinədən sonra bəlli olacaq. Amma ciddi zədəyə oxşayır”.

Mənbə: report.az