"Bu gün tam fərqli komanda gördüm" - Ramin Quliyev

"Bu gün tam fərqli komanda gördüm" - Ramin Quliyev

"Bu oyuna 3 xal üçün köklənmişdik. Oyunun axarı yaxşı gedirdi. Müdafiədə buraxdığımız 1 səhv hər şeyi dəyişdi. Futbolçuların əzmkarlığı yaxşı idi. Qalib gələ bilərdik. Bu gün tam fərqli komanda gördüm. Həddindən artıq qələbə istəyi var idi".

Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 4-cü turunda "Zirə" ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

- Sanki ilk hissədə komandanız istəksiz görünürdü.

- Bu neçənci oyundu ki, qol buraxandan sonra tam fərqli oynayırıq. Hesab 0:0 olanda ehtiyatlı oynayırıq. Qol buraxandan sonra hcumların kəsrini artırırdıq. Bu gün komanda hücumda daha yaxşı görünürdü.

- Bu gün mövsümdə ilk xalı qazandınız və ilk qolu vurdunuz. Sizcə, bu, dönüş nöqtəsi ola bilər?

- Bəli, ola bilər. Bundan əvvəlki oyunlarda hücum xəttində problemlərimiz var idi. Sluletiç, Rodriqes komandaya qoşulmamışdı. Bu həftədən etibarən onlar da komandaya qoşulub. Növbəti oyunlarda meydanda görə bilərik.

- Belə söhbətlər var idi ki, bu gün məğlub olsanız, istefaya göndərilə bilərdiniz.

- Bu tez-tez təkrarlanır. Məni bura gətirən rəhbərlik var. Bu gün onların dəstəyini artıqlaması ilə görürəm. Bu dəstək bizə inam verir. Rəhbərliyin mənə, mənim komandaya inamım çoxdur.(sportal.az)

Mənbə: qol.az