Azərbaycanlı həndbol hakimləri iki beynəlxalq oyunu idarə edəcəklər

Azərbaycanlı həndbol hakimləri iki beynəlxalq oyunu idarə edəcəklər

Həndbol həvəskarlarının diqqəti bu günlərdə Avropa Həndbol Federasiyasının kuboku uğrunda oyunlardadır.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, kişi həndbolçuların Avropa kuboku yarışında maraqlı görüşlərdən biri Türkiyənin “Beykos” və Rusiyanın “Krasnodar” komandaları arasında olub. Türkiyədə keçirilən ilk oyunda qonaqlar 1 xal fərqi ilə qalib gəliblər: 30-29. Rəqiblərin cavab matçı oktyabrın 23-də Rusiyada olacaq. Krasnodarda keçiriləcək görüşü Azərbaycan hakimləri idarə edəcəklər. Bu qarşılaşmada ədaləti təmsil etmək Ernest və Emil Ağakişi qardaşlarına həvalə olunub.

Referilərimiz oktyabrın 24-də daha bir qitəmiqyaslı qarşılaşmanı idarə edəcəklər. Qadın həndbolçuların Avropa Liqası turnirinin ikinci mərhələsinin “Kuban” – “Sola” görüşündə də söz sahibi Emil və Ernest Ağakişi qardaşları olacaqlar. İlk oyun Norveç klubunun 37-33 hesablı qələbəsi ilə nəticələnib. Təcrübəli referilər beynəlxalq federasiyanın göstərdiyi növbəti etimadı da layiqincə doğrultmaq əzmindədirlər.

Azərbaycan həndbol hakimləri və hakim inspektorları mütəmadi olaraq beynəlxalq yarışlara dəvət alırlar.

Mənbə: azertag.az