Sərxan Əliyev: Yeni çəki dərəcəsində rinqə çıxmaqdan çəkinmirəm

Sərxan Əliyev: Yeni çəki dərəcəsində rinqə çıxmaqdan çəkinmirəm

Dünya çempionatının başlayacağı günü səbirsizliklə gözləyirəm. Beynəlxalq Həvəskar Boks Federasiyasının (AIBA) yeni qaydalarına əsasən, bu çempionatda mən 71 kiloqram çəki dərəcəsində çıxış edəcəyəm. Bu, mənim üçün ilk dəfə döyüşəcəyim çəki dərəcəsidir. Bundan əvvəl isə 69 kiloqram çəki dərəcəsində mübarizə aparmışam. Yeni çəki dərəcəsində rinqə çıxmaqdan çəkinmirəm. Çünki komandamız bu yarışa ciddi hazırlaşıb. Ona görə hamımızın mundialdan yüksək nəticələrlə qayıdacağına inanıram.

Bu sözləri boks üzrə növbəti dünya çempionatına hazırlaşan Azərbaycan yığmasının üzvü Sərxan Əliyev AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında uğur qazanacağına inandığını qeyd edən Sərxan Əliyev bildirib: “Bu, mənim əsas yığmanın heyətində çıxış edəcəyim ikinci mundialdır. Çempionatda iştirak etmək mənim təcrübə toplamağımda mühüm rol oynayacaq. Düzdür, hələ ki, mundialda uğurum olmayıb. Amma bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçısı, Avropa üçüncüsü olmuşam. Son səkkiz ildə Azərbaycan çempionatında qalib gələrək öz çəki dərəcəmdə ölkəmizin bir nömrəli boksçusuyam. Bu da mənə yığma komandadakı yerimi qorumağıma kömək edir”.

Mənbə: azertag.az