"Kayrat"ın sabiq futbolçusu: "Komanda "Qarabağ"dan qorxmamalıdır"

"Kayrat"ın sabiq futbolçusu: "Komanda "Qarabağ"dan qorxmamalıdır"

"Qarabağ"ın qalib gəlmək şansı daha çoxdur, amma onları matçın açıq favoriti hesab etmək olmaz. "Kayrat" qrupa yaxşı start verməyib, Kipr "Omoniya"sı ilə ilk görüşdə komandanın bəxti gətirmədi".

"Report"un məlumatına görə, bu fikirləri Qazaxıstanın "Kayrat" klubunun sabiq futbolçusu Sergey Politeviç Almatı təmsilçisinin "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl "Sports.kz" nəşrinə açıqlamasında deyib.

Hazırda Belarusda Soliqorsk “Şaxtyor”unun formasını geyinən 31 yaşlı müdafiəçi "Kayrat"ın II turda İsveçrə "Bazel"i ilə görüşdə çətinlik çəkdiyini bildirib: "Onlar "Qarabağ"a problem yaratmaq istəyirlərsə, rəqibi topdan məhrum etməlidirlər. Düşünürəm ki, Qazaxıstan klubu bunu bacarmayacaq. "Kayrat" öz oyununu göstərməli və rəqibdən qorxmamalıdır. Qarşılaşmanın səfərdə keçirildiyini unutmalı, sürətli cinah keçidlərinə ümid etməlidirlər. Bundan əlavə, müdafiədə diqqətli olmalı və bütün şanslardan istifadə edilməlidir. Düşünürəm ki, oyun sönük keçəcək, buna görə də az qol olacaq. Qarşılaşma 0:0 və ya 1:0 hesabı ilə başa çatacaq".

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

Mənbə: report.az