"Kopenhagen" Mahir Emreli ilə maraqlanır

Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli daha bir klubun maraq dairəsinə düşüb.

"Report"un məlumatına görə, bu barədə Fransanın "MSV Foot" səhifəsi tviterdə iddia irəli sürüb.

24 yaşlı hücumçunun Danimarka "Kopenhagen"inin diqqət mərkəzində olduğu bildirilib.

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Herta Berlin", "Hoffenhaym" və "Borussiya" (Mönxenqladbax), İtaliyanın "Fiorentina", Fransanın "Lill", Danimarkanın "Midtüllan" və Çexiyanın "Slaviya" (Praqa) komandalarının skautları Varşava təmsilçisinin Ekstraklasada "Lex" (Poznan) komandasına 0:1 hesabı ilə uduzduğu XII tur matçında Emrelini tribunadan izləyiblər.

Xatırladaq ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb. O, 2017/2018 mövsümündə "Kopenhagen"ə Bakıda 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda yeganə qolun müəllifi olub. Danimarkada rəqibinə 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi həmin vaxt qüvvədə olan səfər qolu prinsipi əsasında tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirində qrupa vəsiqə qazanıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Qardaşım yanlış vurulmuş iynədən öldü” - Pərvin

SONRAKI XƏBƏR

Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi