“Qarabağ“ - Kayrat“ matçını kim qazanacaq? - “Xal itirmə riskimiz var“

“Qarabağ“ - Kayrat“ matçını kim qazanacaq?  - “Xal itirmə riskimiz var“

Bu gün Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ" və “Kayrat” (Qazaxıstan) qarşılaşacaq.

İdman yazarı Aydın Bağırov “Qarabağ” və “Kayrat” oyununu Yenisabah.az-a şərh edib. O, “Qarabağ”ın oyuna ehtiyatla yanaşmalı olduğunu bildirib:

“Kağız üzərində favorit “Qarabağ” sayılsa da düşünürəm ki, bu oyuna ehtiyatla yanaşmaq lazımdır. “Qarabağ”ın rəqibdən daha hazırlıqlı olmasına baxmayaraq, bu gün çətin mübarizə gedəcək. Xal itirmə riskimiz də ola bilər. Biz unutmamalıyıq ki, “Kayrat” Qazaxıstanın sonuncu çempionudur. “Kayrat-ın builki oyun təcrübəsi “Qarabağ”dan daha çox olub və yaxşı baş məşqçiləri var”.

Aydın Bağırovun sözlərinə görə hər iki oyun “Kayrat” üçün finala bərabər olacaq:

“Bu gün “Qarabağ” qalib gəlsə, belə bu çox çətinliklə olacaq. Yəni heç bir arxayınlıqdan söhbət gedə bilməz.

Lakin “Kayrat”ın özünün də bundan əvvəlki oyunlarda nəticələri yaxşı olmayıb. Bu səbəbdən onlar üçün də “Qarabağ”ın həm bugünkü, həm də növbəti oyunu çox vacibdir. Hər iki oyun “Kayrat” üçün finala bərabər olacaq.

Rəqib bu gün bütün gücünü ortaya qoyaraq xal almağa çalışacaq. Maksimum ehtiyatlı olmaq lazımdır. Oyunda şansı 5050-ə dəyərləndirirəm”.

Mehri Qurban

Mənbə: yenisabah.az