Bu gün Konfrans Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək. “Qarabağ” doğma meydanda “Omoniya” ilə üz-üzə gələcək.
“Qarabağ” qələbə qazanıb, birinci pillədəki mövqeyini qoruya biləcəkmi?
Tanınmış idman jurnalisti, Matc.az saytının redaktoru İxtiyar Əsgərov Yenisabah.az-a bugünkü oyunu şərh edib:
“Qalib olmaq şansı bütün komandalar üçün hər zaman var. Oyuna yanaşma və hazırlıqdan çox şey asılıdır.
Bugünkü qarşılaşmaya gəlincə isə “Qarabağ” “Omoniya” ilə görüşün favoritidi. Nikosiyadakı ilk matçda 4:1 hesablı qələbə qazanan təmsilçimizin xal itirəcəyinə inanmıram. Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər. İkinci yerin sahibləri isə Avropa Liqasında öz qrupunu üçüncü sırada tamamlayan komandalarla pley-off oyunları keçirəcəklər. Bu amil isə “Qarabağ” üçün əlavə motivasiyadır. “Qarabağ” hazırda turnir cədvəlinin vahid lideridir.
Nəzərə alaq ki, qrupun digər - “Kayrat” - “Bazel” oyunu təxminən 2 saat əvvəl başlayacaq, yəni “Qarabağ” meydana bu görüşün nəticəsini biləndən sonra çıxacaq. Əgər “Bazel” Almatıda qələbə qazana bilməsə, “Qarabağ”ın qrup qalibi kimi 1/8 finala yüksəlmək şansı artır.
“Qarabağ” belə bir şansı əldən buraxmaz. Bu səbəbdən, “Kayrat”ın uduzmaması da vacibdi. Belə olarsa, təmsilçimiz 1/8 finala vaxtından əvvəl vəsiqə qazanacaq. “Qarabağ” illərdir gözlədiyi şansı yaxalayıb, taleyi öz əlindədir”.
Mehri QURBAN
Mənbə: yenisabah.az