“Qalatasaray” qrupdan çıxdı

“Qalatasaray” qrupdan çıxdı

Türkiyə "Qalatasaray"ı avrokuboklarda növbəti oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Avropa Liqasında mübarizə aparan İstanbul nəhəngi qrup mərhələsində son ev matçına çıxıb.

Fatih Terimin yetirmələri Fransa "Marsel"ini qəbul edib. E qrupunun lideri olan "Cim-Bom" bu qarşılaşmada da qalib gəlib.

İlk yarıda öncə Aleksandru Sisaldau hesabı açıb. Ardınca Duje Çaleta-Çar avtoqol müəllifi olub. Fasilədən sonra komandalar hərəyə iki qol vurub. Əvvəl Sofion Fequli, sonra Rayan Babel fərqi üç topa çatdırsa da, hər iki qolun ardınca fransalılar bir dəfə fərqləniblər.

4:2 hesablı qələbə qazanan "Qalatasaray" xal hesabını 11-ə çatdırıb. "Latsio" "Lokomotiv"lə səfər matçında qələbə qazanıb - 3:0. Bu nəticələrdən sonra Türkiyə və İtaliya təmsilçilərinin mübarizəni bu turnirdə davam etdirəcək ilk iki yerdə qərarlaşacağı dəqiqləşib. 1/8 finala birbaşa vəsiqə və pley-offa yollanacaq komandanın adına son turda aydınlıq gələcək.

Qeyd edək ki, VI turun görüşləri dekabrın 9-da keçiriləcək.

Milli.Az

Mənbə: news.milli.az