"Qəbələ"nin baş məşqçisi: "Təhlükənin haradan gələcəyini bilirdik"

"Qəbələ"nin baş məşqçisi: "Təhlükənin haradan gələcəyini bilirdik"

“Bilirdik ki, bizi ağır oyun gözləyir. “Qarabağ” çempionatımızın lideridir və öz oyun dəst-xətti ilə seçilən komandadır. Futbolçularımızı ağır matça hazırlamışdıq. Təhlükənin haradan gələcəyini bilirdik".

"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, komandası meydanda əzmkarlıq göstərdi: "Başabaş oyun alındı. Fikrimcə, azarkeşlər üçün maraqlı, dinamik oyun alındı. Çalışacağıq ki, bu tempi qoruyaq və iddiamızı hər görüşdə ortaya qoyaq. Hakimlik barədə danışmaq istəmirəm. Amma elə epizodlar var ki, onları vurğulamaq lazımdır. Ülvi İsgəndərovun epizodunda penalti olduğu hakimdən başqa hər kəsə aydın idi. Komandanın oyunundan razıyam. Daha da yaxşı ola bilərik. İnanıram ki, getdikcə daha yaxşı olacağıq. Oyunun ab-havasını götürəndə belə matça ilk dəfə təyinat alan hakimin göndərilməsi qəribə gəldi. Ümumi götürəndə oyunu aşağı səviyyədə idarə etmədi. Matçın tempini saxlamağı bacardı. Amma bəzi epizodlar var ki, bizdə müəmma yaratdı”.

Mənbə: report.az