Azərbaycan millisinin futbolçusu Filip Ozobiç “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XII turuna təsadüf edib.
Ağdam klubuna keçməzdən öncə şərəfini qoruduğu “Qəbələ”yə qarşı matç onun üçün 100-cü olub. Görüş 0:0 hesabı ilə başa çatıb. Ozobiç 2018-ci ilin yayından formasını geyindiyi “Qarabağ”da keçirdiyi 100 qarşılaşmada 31 qola imza atıb.
O, Premyer Liqada 62 oyunda 27, avrokuboklarda 34 matçda 4 dəfə fərqlənib.
Yarımmüdafiəçi Azərbaycan kubokunda 4 oyunda meydanda olub. Ozobiç “Qarabağ”ın tarixinə 100 və daha çox oyun keçirən 48-ci futbolçu kimi düşüb.
Qeyd edək ki, Filipin “Qarabağ”da debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Sloveniyadakı matça (1:0) təsadüf edib.
Mənbə: report.az