AFFA-nın təlimatçısı: "UEFA-nın qaydasına görə, əcnəbilər Azərbaycana gələ bilmir"

"10-12 ildir məşqçi kurslarını UEFA-nın yeni kurikulumu əsasında keçirik. Bu müddət ərzində müsbətə doğru müxtəlif dəyişikliklər də olub. Daha əvvəl kurslar qısa müddəti əhatə edirdi. Hazırda isə müddət çox artıb".

Bu fikirləri "Report"a açıqlamasında AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimov deyib.

Mütəxəssis məşqçi lisenziyalarının yaş qruplarına əsasən verildiyini bildirib: "U-13-dək C Lisenziyası, U-14-dən U-17-dək B, U-17-dən yuxarı isə A lisenziyası verilir. Pro lisenziyasına malik olanlar isə U-19-dan yuxarı yaş qruplarında işləyə bilərlər. Pro kateqoriyasına yetərincə maraq da var. Ən çox da bunun üçün sənədlər verilir. Bu da təbii haldır. Bəzi təhsil müəssəsinə qəbul zamanı digərlərindən daha çox sənəd verən olur. Kimlərsə istəyinə çatır, digərlərinin isə balı bəs etmir. Bizdə də elədir. Bir yer üçün aşağı-yuxarı iki namizəd olur. Onların arasından seçim edilir".

Rəhimov türkiyəli mütəxəssislərin Pro lisenziyasını Azərbaycanda oxumaq üçün müraciət etdiklərini söyləyib: "Məsələ burasındadır ki, əvvəllər xarici vətəndaşlardan daha çox müraciət daxil olurdu. UEFA-nın bütün ölkələrə bu işdə müdaxiləsi xarici mütəxəssislərin gəlişinə təsir edib. Daha əvvəl bütün Avropa ölkələrinin məşqçiləri istədikləri yerə və hara onlar üçün asandırsa, oraya qaçırdı. Bu gün isə müəyyən şərtlər ortaya çıxıb. Oxuduğun yerdə işləməlisən, kursun keçirildiyi ölkənin dilini bilməlisən. Bunlar elə şərtlərdir ki, əcnəbilərin gəlmək şansı azalır. Əvvəlki kursların hamısında ən azı bir əcnəbi olub. Sonuncu - 2020-ci ildə təsdiqlənmiş qaydaya görə onların gəlişi mümkün deyil. Yalnız türk dilini bilənlər 2 aydan sonra bizi çox rahat başa düşürlər. Digərlərinin isə burada kurs keçmək şansı demək olar ki, yoxdur".

Təlimatçı Pro kateqoriyasını oxuyan azərbaycanlı baş məşqçilərin işsiz qalmalarına da toxunub: "İlk növbədə, onu deyim ki, hansısa lisenziya kursu mütəxəssis yetişdirmir, müəyyən istiqamət verir. Necə ki, Tibb Universitetini bitirənlər dərhal həkim olmur. Məşqçi kimi də müəyyən təcrübə keçməlisən ki, püxtələşəsən. Belə deyim var ki, dünyada satın alına bilinməyən şeylərdən biri təcrübədir. Onu mütləq özün yaşamalısan. Lisenziyalı şəxs həmişə hazır kadr kimi özünü doğrultmur. Onlara ölkəmizdə etimad göstərilməməsinə gəlincə, etiraf etməliyik ki, klublarımızın sayı azdır və bu səbəbdən, kimlərinsə iş praktikası qazanmasına maneələr yaranır. Çünki klub rəhbərləri nəticə istəyir. Heç kim təcrübəsiz baş məşqçiyə etimat göstərmək istəmir. Bəzən isə bizim yerli klublar xarici baş məşqçilərə yönəlirlər. Bu da diqqət çəkən məqamdır. Hansısa gənc mütəxəssisin nə vaxt uğur qazanacağını da deyə bilmərik. Bu, uzun danışılası mövzudur. Lisenziya da sürücülük vəsiqəsi kimidir: Yoxdursa, maşın sürə bilməzsən. Vəsiqəsi olanların hamısı yaxşı maşın sürə bilirlərmi? Dünyanın hər yerində yaxşı pisdən, qızıl da misdən azdır. İddia edə bilmərəm ki, lisenziya kursunu yaxşı bitirən şəxs yaxşı mütəxəssis olacaq. Amma təhsil yolunu mütləq keçmək lazımdır ki, nəyin necə olduğunu bir-birindən ayıra biləsən".

O, UEFA-nın A və Pro lisenziyaları üçün bu vaxtadək xaricdən mütəxəssilər dəvət etdiklərini xatırladıb: "Kursların keyfiyyəti baxımından adımız Avropa futbol qurumunda yaxşıların arasında göstərilir"

Report.az

ƏVVƏLKİ XƏBƏR

AQTA şirniyyatdan qurd çıxması faktına görə marketdə yoxlama keçirib

SONRAKI XƏBƏR

AZAL: "Hava şəraitinə görə Bakıdan Naxçıvana iki reys gecikir"