Millinin əcnəbi baş məşqçisi niyə göndərilmir? - "Yeri olsa, aldığı pulu ağzından qaçırar, üstü açılar”

Millinin əcnəbi baş məşqçisi niyə göndərilmir? - "Yeri olsa, aldığı pulu ağzından qaçırar, üstü açılar”

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsini 1 xalla qrup sonuncusu kimi tamamladıqdan sonra baş məşqçi Canni De Byazinin göndəriləcəyi gözlənilirdi. Hətta ötən həftələrdə AFFA-nın yenə xaricə üz tutduğu, əcnəbi baş məşqçi arayışında olduğu haqda xəbərlər yayılmışdı.

Haqqında çıxan xəbərlərdən sonra türkiyəli mütəxəssis, son iş yeri "Adana Dəmirspor" olan Samet Aybaba da Azərbaycan milli komandasını çalışdırmaq variantının olduğunu təsdiqləmişdi. Bundan əlavə, deyilənlərə görə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Superliqa təmsilçisi "Başakşəhər"in sabiq çalışdırıcısı Okan Burukla da görüşmüşdü. Lakin bu günlərdə AFFA ilə müqaviləsi başa çatan Byazinin göndərilməyəcəyi ilə bağlı iddialar yayılıb.

İddialara əsasən, AFFA italiyan çalışdırıcı ilə müqavilə müddətini uzatmaq barədə düşünür. Milliyə baş məşqçi postuna gətirilməsi düşünülən şəxslər arasında yenə də hər hansı bir azərbaycanlı məşqçiyə yer verilmədiyini görürük.

Maraqlıdır, hazırkı durumda Byazi ilə müqavilə müddəti uzadılmalıdırmı? Yerli məşqçi məsələsinə AFFA niyə hər dəfə biganə yanaşır?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında futbol sahəsi üzrə mütəxəssis Anar Xanlarov deyib ki, başqa əcnəbi axtarmaqdansa, Byazinin postunda qalması daha məntiqlidir:

"Açığı, De Byazini "Sumqayıt" - "Zirə" matçında görəndə dalağım sancdı. Çünki daha vacib məqamlarda çempionat oyunlarını yaxından izləməyən birisi, müqaviləsinin bitməsinə 2-3 gün qalmış niyə Sumqayıta gəlib oyun izləsin ki? Hələ üstəlik, gedəcəyi dəqiqdirsə. Deməli, ehtimal var ki, onu postunda saxlayacaqlar. Əgər başqa əcnəbi gələcəksə, elə De Byazinin qalması daha məntiqlidir ki, ən azı bizim ölkəni, futbolu və futbolçuları daha yaxşı tanıyır. Amma mən birmənalı şəkildə yerli məşqçinin tərəfdarıyam".

A.Xanlarov əlavə edib ki, yerli baş məşqçinin gətirilməməsinə səbəb qazanc məsələləridir:

"O ki qaldı əcnəbi-yerli məsələsinə, zənnimcə, burada əsas məsələ qazancdır. Çünki əcnəbi məşqçi gətirəndə oradan yaxşı pul götürmək olur. Yerli məşqçi ilə bunu etmək olmur. Çünki yerlidir, orada-burada dilindən qaçırar, üstü açılar. Əcnəbi belədir ki, gəldi, işlədi, sonra da ölkəsinə getdi. Kimdir onu görüb hesab soruşan".

Naibə

Mənbə: cebhe.info