Fərid Qayıbov dünya çempionatında medal qazanmış karateçilərlə görüşüb

Fərid Qayıbov dünya çempionatında medal qazanmış karateçilərlə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov 16 - 22 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatına uğurla çıxış etmiş Azərbaycan karateçiləri ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov yarışa hazırlıq və idmançıların nəticələri barədə, eləcə də onların son zamanlarda qatıldıqları digər turnirlərdəki uğurları barədə naziri məlumatlandırıb.

F.Qayıbov karateçilərin ötən ay dünya çempionatındakı çıxışlarını maraqla izlədiyini və əldə etdikləri nəticənin sevindirici olduğunu vurğulayıb. Y.Bəşirovu Beynəlxalq Şotokan Federasiyasının prezidenti seçilməsi münasibətilə təbrik edən nazir federasiyanın fəaliyyətinə və Azərbaycan karateçilərinə uğurlar arzulayıb.

Görüşdə kişilərdən ibarət kumite yığmasının baş məşqçisi Qurban Tağıyev, qadınlardan ibarət kumite millisinin baş məşqçisi Denis Morozov, federasiyanın baş hakimi Cahangir Babayev, para-karate üzrə yığma komandanın baş məşqçisi Rənad Əliyev də iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan karateçilərindən İrina Zaretska (68 kq) dünya çempionu olub, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıb. Bundan başqa, Rafael Ağayev, Asiman Qurbanlı, Tural Ağalarzadə, Turqut Həsənov, Pənah Abdullayev, Tural Ələkbərli, Rafiz Həsənovdan ibarət komanda, eləcə də para-karateçilər - Emiliya Mitilinova və Eldar Əhmədov dünya üçüncüsü olublar.

Mənbə: report.az