Muxtar respublikada Beynəlxalq Könüllülər Günü ilə bağlı tədbirlərə start verilib

Naxçıvan, 2 dekabr, AZƏRTAC

Naxçıvan Atıcılıq Mərkəzində 5 dekabr – Beynəlxalq Könüllülər Günü ilə əlaqədar könüllü gənclərin iştirakı ilə peyntbol birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliyin və Naxçıvan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan yarışda 4 komanda mübarizə aparıb.

Yarışdan əvvəl nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva çıxış edərək muxtar respublikada uğurla icra olunan gənclər siyasəti barədə danışıb. Qeyd olunub ki, könüllü olmaq cəmiyyətə faydalılıq, özünüinkişaf və yeni karyera imkanları əldə etmək üçün önəmli başlanğıcdır.

Federasiyanın sədr müavini Vasib Abdullayev bildirib ki, atıcılıq idman növləri gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi və peşəkar idmançı kimi formalaşması baxımından önəmli rola malikdir. Atıcılıq Mərkəzində yaradılan əlverişli şərait nəticəsində gənclərimiz stend və sportinq, oxatma, tir atıcılığı və peyntbol yarışlarında iştirak etmək imkanı əldə edirlər.

İştirakçılar mərkəzin təlimatçıları tərəfindən təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırıldıqdan sonra mübarizəyə start verilib. Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi yarışda “Gəncəsər” komandası qalib olub.

Qeyd edək ki, dekabrın 4-də muxtar respublikanın könüllü gəncləri ilə görüş nəzərdə tutulub. Həmin tədbirdə Beynəlxalq Könüllülər Günü ilə bağlı keçirilən idman yarışlarının qalibləri də mükafatlandırılacaq.

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Döyüş mövqeyində 3 erməni hərbi qulluqçunun qətl işi üzrə ekspertiza rəyi alınıb

SONRAKI XƏBƏR

Sabah hər şey bitəcək - VİDEO