Çingiz Hüseynzadə: "Azərbaycan idmanını bu il uğurlu hesab etmək olar"

Çingiz Hüseynzadə: "Azərbaycan idmanını bu il uğurlu hesab etmək olar"

"İdmançılar Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra dünya çempionatında uğurlar qazanıblar. Azərbaycan idmanını bu il uğurlu hesab etmək olar".

"Report"un məlumatına görə, bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının pandemiya dövründə beynəlxalq yarışlardakı çıxışı barədə danışarkən deyib.

Funksioner bildirib ki, son 2 ildəki çətinliklərə baxmayaraq, yaxşı nəticələ əldə olunub: "Bilirsiniz ki, pandemiya şəraitində hər hansı yarışı keçirmək, orada iştirak etmək asan deyil. Hətta yol probleminə görə yarışa gedib çatmaq olmur. Buna baxmayaraq, idmançılarımızın bütün yarışlarda iştirakına və nəticə qazanmalarına çalışırıq".

MOK rəsmisinin sözlərinə görə, ilin idmançısı adına namizədlər çoxdur: "Fikrimcə, əsas namizədlər olimpiadada və dünya çempionatlarında nəticə göstərən, qızıl medal qazanan idmançılardır. Bunların arasından bir nəfər seçiləcək. Həmin idmançıları hamınız tanıyırsınız. Bunlar Rafael Ağayev, İrina Zaretska, Hacı Əliyev, Rafiq Hüseynov və digərləridir. Əslində onların hər biri bu ada layiqdirlər".

Mənbə: report.az