Cüdo üzrə Azərbaycan çempionatının birinci gününün qalib və mükafatçıları müəyyənləşib

Bakı, 14 yanvar, AZƏRTAC

Bakıda yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ilk yarış gününün qalib və mükafatçıları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, turnirin birinci günündə yeniyetmə qızlar və oğlanlar arasında 6 çəki dərəcəsində qarşılaşmalar keçirilib. Minarə Əşrəfova (36 kq), Vüsalə Hacıyeva (48 kq), Kamilla Toholliyeva (63 kq) qızlar arasında keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Famil Əzizov (46 kq), Nizami İmranov (60 kq), Camal Bağışov (81 kq) isə yeniyetmə oğlanlar arasında qalib adını qazanıblar.

Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 570-ə yaxın (479 oğlan, 89 qız) idmançı mübarizə aparır.

Azərbaycan Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarış yanvarın 16-da başa çatacaq.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

London Məhkəməsi Eldar Mahmudovun övladlarının iddiasını rədd etdi

SONRAKI XƏBƏR

Geyiminə görə təyyarəyə buraxılmadı - FOTO