Azərbaycanlı futbolçu: "Gecə klubları karyeramı məhv edə bilərdi"

"Böyük pullar qazanandan sonra gecə klublarına getməyə başladım".

"Report"un məlumatına görə, bunu Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Səmədov "Qardaşyana cavab ver" yutub kanalına müsahibəsində deyib.

Veteran yarımmüdafiəçi bildirib ki, həmin vaxtlarda futbol matçlarından daha çox, oyundan sonra nə olacağını gözləyib: "Şadam ki, bu asılılıqdan canımı qurtardım. Düzdür, proses ağrılı keçdi, amma mənim üçün yaxşı dərs oldu. Çünki həmin ərəfədə gerilədim, futbolda uğursuzluqlarım çox oldu. Gecə klubları karyeramı məhv edə bilərdi. Buna baxmayaraq, hər şeyə yenidən başladım. Bunda həyat yoldaşımın da böyük rolu oldu".

Azərbaycanlı futbolçu xanımı Yuliya Səmədaova ilə tanışlığından da söz açıb: "Açığı, indi bunu xatırlamaq mənim üçün çətindir. Çünki 17 il əvvəl olub. Onunla gecə klubunda tanış olmuşam. Yadımdadır ki, musiqi çalınırdı və mən ona yaxınlaşdım. Bəlkə də yaxınlaşmasaydım, evlənməyəcəkdik. İndi hər şey yaxşıdır, mənim üçün 3 oğul dünyaya gətirib".

Səmədov həyat yoldaşına necə evlənmə təklifi etdiyini də açıqlayıb: "Romantik insanlar bu prosesə diqqətlə hazırlaşırlar. Mən o kateqoriyaya aid deyiləm. Məndə hər şey ordudakı kimidir. Ona yaxınlaşıb artıq evlənmək vaxtımızın çatdığını dedim. Çox sevindi".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada iki avtomobil toqquşub, 5 nəfər ölüb - VİDEO

SONRAKI XƏBƏR

“Hansısa komandanın debütant olması bizi arxayınlaşdırmamalıdır”