Afrikalı futbolçu: "Azərbaycanda Essyendən çox şey öyrəndim"

Afrikalı futbolçu: "Azərbaycanda Essyendən çox şey öyrəndim"

"Azərbaycana getmək məni daha yaxşı futbolçu etdi".

"Report"un məlumatına görə, bunu "Sabah" və "Səbail" klublarının sabiq futbolçusu Hendrik Ekşteyn "ghanasoccer.net" saytına açıqlamasında deyib.

32 yaşlı cənubi afrikalı yarımmüdafiəçi bildirib ki, ölkəsində çıxış edərkən fərqli oyun üslubuna malik olub: "Burada oynayanda topu özümlə 5-10 metr irəliyə aparmaq istəyən futbolçulardan biri idim. Azərbaycan çempionatında isə sürətli oynamalısan. Topu özündə çox saxlaya və driblinq edə bilmirsən. Beləliklə, futbol mənim üçün xeyli dəyişdi".

O, "Səbail"də dünya ulduzu Maykl Esyendən çox şey öyrəndiyini söyləyib: "O, mənə daha yaxşı oyunçu olmağımda çox kömək etdi. Essyenin nələrə nail olduğuna baxanda onun yerində olmaq istəyirsiniz. "Səbail"də olanda onun məsləhətlərinə qulaq asırdım".

Ekşteynin sözlərinə görə, Essyen tək ona yox, birlikdə oynadığı bütün futbolçulara kömək edirdi: "Həmişə deyirdi ki, biz hamının oynadığı futbolu yox, Afrika futbolu oynayırıq. Buna görə də o, məni yaxşı işlər görməyi məcbur edirdi. Bizə tövsiyə edirdi ki, ətrafınızı tanıyın, hər yeri araşdırın və bundan sonra nəsə etməyə çalışın".

Qeyd edək ki, Hendrik Ekşteyn 2019-cu ildə "Sabah"da, 2020-2021-ci illərdə isə "Səbail"də çıxış edib. O, hazırda ölkəsinin "AmaZulu" komandasının formasını geyinir.

Mənbə: report.az