Levandovski, Messi və Ronaldunun kimlərə səs verdikləri bəlli olub

Levandovski, Messi və Ronaldunun kimlərə səs verdikləri bəlli olub

FIFA-nın "The Best" mükafatını qazanan Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovskinin sorğuda kimlərə səs verdiyi bəlli olub.

"Report" xəbər verir ki, Polşa yığmasının kapitanı İngiltərənin "Çelsi" klubunda çıxış edən Jorjinyonu birinci yerə layiq görüb.

Təcrübəli hücumçu Fransa PSJ-sində oynayan əsas rəqibi Lionel Messini ikinci, İngiltərə "Mançester Yunayted"indən Kriştianu Ronaldunu üçüncü sırada göstərib.

Argentina seçməsinin kapitanı Messi isə hazırkı komanda yoldaşlarını ilk pilləyə layiq görüb. O, Mbappeni ilin futbolçusu hesab edibsə, Neymarı ikinci yerdə təqdim edib. Messi İspaniya "Real Madrid"indən Kərim Benzemanı üçüncü ən yaxşı oyunçu sayıb.

Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu seçimində yanılmayıb. Təcrübəli forvard Levandovskini ilk pilləyə layiq görüb. "Çelsi"dən N Qolo Kante ikinci, Jorjinyo isə üçüncü pillədə göstərilib.

Qeyd edək ki, Robert Levandovski ardıcıl ikinci dəfə "The Best" mükafatına sahib çıxıb.

Mənbə: report.az