Azərbaycanlı qapıçı Türkiyədə maraqlı üsulla pul qazanır

Türkiyənin Antalya şəhərində yaşayan azərbaycanlı qolkiper Emil İsrafilov mini-futbol matçlarında qapıda dayanmaqla pul qazanır.

"Report"un məlumatına görə, bu barədə qapıçı "İhlas” xəbər agentliyinə açıqlama verib.

O, hər oyun üçün 50 və ya 100 Türkiyə lirəsi aldığını bildirib: "14 ildir futboldayam. Daha əvvəl sahə oyunçusu idim. Amma xəstəlik səbəbindən futbolu atmalı oldum. Daha sonra qapıçı kimi meydanlara qayıtdım. Həm pula ehtiyacım olduğu, həm də bu işi əla bacardığım üçün qapıda dayanmağa başladım".

İsrafilov zəif çıxış etdiyi matçlardan sonra pul götürmədiyini sğyləyib: "Səni icarəyə götürmək üçün pul verirlərsə, deməli, məsuliyyət daşıyırsan. Hərdən səhvlərim olur ki, bu da normaldır. Bakıda da oyunlara çağırırdılar. Bir dəfə 50 manat vəd etmişdilər, amma top buraxmadığım üçün 100 manat verdilər. Səbəbini soruşanda mükafat olduğunu dedilər. Bəlkə də həyatımın ən bahalı mini-futbol matçı idi. Bir dəfə isə pis oynadığım üçün pul almadım".

Onu icarəyə götürmək istəyən komandalarla instaqram vasitəsilə əlaqə saxlayan qolkiper Antalyada elə də çox tanınmadığını vurğulayıb: "Buna görə də həftədə cəmi 3 oyunum olur. Bakıda isə hər həftə 15-20 təklif alırdım. Peşəkar futbol oynamaq istədiyim üçün Türkiyəyə gəldim. Məni bu arzuma çatdıracaq futbol agenti axtarıram".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Gənc oğlan mübahisə zamanı bıçaqlanıb

SONRAKI XƏBƏR

Merkel BMT Baş katibinin iş təklifindən imtina etdi