Ayxan Abbasov: "Sumqayıt"ın böyük layihəsi nə olan şeydir?"MÜSAHİBƏ

Ayxan Abbasov: "Sumqayıt"ın böyük layihəsi nə olan şeydir?"MÜSAHİBƏ

- "Sumqayıt" klubunun sabiq baş məşqçisi Ayxan Abbasov un "Report"a müsahibəsi

- Azərbaycan klublarından altısı Türkiyənin Antalya şəhərində toplanışdadır. Komandaların hazırlıq prosesini necə dəyərləndirirsiniz?

- Mümkün qədər oyunlara da baxıram. Görünən odur ki, komandalar tam hazır deyillər. Oyundan-oyuna, yavaş-yavaş formaya düşürlər. Heyətlərini hələlik müəyyənləşdirməyiblər və bütün oyunçulara şans verirlər. Bu da təlim məşq-toplanışında normal haldır. Amma bir-iki klub var ki, yavaş-yavaş optimal heyətlə oynayır. Ağır məşqlərdən sonra oyunçuların formaya düşmələrində də yüngülləşmə görünür. Hazırlıq prosesindən səmərəli istifadə etmək istəyirlər. Toplanış önəmlidir. Burada nəticədən sonra futbolçuların sağlam, zədəsiz məşq etmələri vacibdir. Hazırda pandemiya dövrüdür. Oyunçuların xəstələnmə riski də var. Hər kəs istəyir ki, çempionatda yaxşı formada olsun.

- Yoxlama oyunlarında ən yaxşı halda heç-heçələr qeydə alınıb, qələbə yoxdur. Bu, klubların beynəlxalq arenaya - avrokubok matçlarına da psixoloji cəhətdən qələbəyə hazır vəziyyətdə çıxa bilməyəcəkləri anlamına gəlmir?

- Bunlar yoxlama oyunlarıdır. İlk növbədə, onu deyək ki, rəqiblər yaxşı komandalardır. Klublarımızın gedib Polşa, Macarıstan və Rumıniya təmsilçiləri ilə oynamaları müsbət haldır. Ötən il təlim-məşq toplanışına komandalarımızın çoxu gedə bilməmişdi. Burada gənc futbolçuların inkişafı amili var. Bəzilərinin təcrübəsi yoxdur, birdən-birə avrokuboka çıxanda görürsən ki, oyunçular əziyyət çəkir. Bunu biz də yaşamışıq. Düşünürəm ki, belə toplanışların klublara xeyri var. Avrokubokla yoxlama oyunlarının ab-havası tam başqadır, bunları müqayisə etmək olmaz. Avrokuboka başqa cür hazırlaşırsan. Yoxlama matçlarının hamısını udsan, bu, o demək deyil ki, avrokubokda qələbə qazanacaqsan. Əsas odur ki, toplanışdan səmərəli istifadə etsinlər.

- Bir neçə komandanın optimal heyətlə oynadığını qeyd etdiniz. Hansılarını misal göstərə bilərsiniz?

- İlk olaraq, "Sabah"ı qeyd edə bilərəm. İki oyundur ki, baş məşqçi Murad Musayev heyətdə az dəyişiklik edir. Görünən odur ki, heyəti otuzdurmaq istəyir. İlk olaraq, gözümə bu dəydi. "Zirə"nin son matçında çempionatda çıxış etdiyi heyətə yaxın "11-lik"lə oynadığını gördüm. Onlar da çempionata tam hazır olmaq istəyirlər Digər komandalarda hələlik bunu görməmişəm. "Qəbələ"də itkilər var. "Qarabağ" bütün oyunçuları ilk hissədən sonra dəyişir. Son oyunlarda optimal heyəti görmək olar. "Sumqayıt"da hələlik tam heyət görünmür. "Neftçi" də axtarışdadır. Yəqin ki, bu komandalar son oyunlarda heyəti formalaşdıracaqlar.

- Rəşad Sadıqov baş məşqçi olduğu "Zirə"də seleksiya işinin hələlik qaydasında olmadığını, ehtiyat qüvvəsinin yalnız gənclərdən qurulduğunu söyləyib. Siz necə düşünürsünüz?

- "Zirə"də dünənki matçda əsas heyət meydanda idi. Ehtiyata isə oyunçular lazımdır. Çünki Nemanya Ancelkoviç zədələnib, Georgi Stoilovla yollar ayrılıb. Rəşad Sadıqovun dediyi kimi, yeni oyunçulara ehtiyacları var. Amma qışda futbolçu da tapmaq çətindir. Yaxşı oyunçuların öz klubları ilə müqavilə olur, boşda qalanları isə heyətə cəlb etmək çox çətindir. Ən yaxşı halda başqa komandalarda oynamayan futbolçular maraq dairəsində olmalıdırlar. Ya da hansısa kluba pul verib futbolçunu almalısan. Ona görə qışda transfer etmək çox çətindir.

- "Sumqayıt"ın transferlərini və hazırlıq prosesini izləyirsiniz?

- "Sumqayıt"ı izləyirəm. İlk olaraq, onu demək istəyirəm ki, itkilər olmasaydı, heyət pis deyildi. Bizdə ehtiyat qüvvə az idi. Amma hər baş məşqçinin öz baxışı var. Bilmirəm hansı mövqelərdə boşluqların olduğu deyilib. Etdikləri transferlərin komandaya nə qədər güc qata biləcəyini isə zaman göstərəcək. Amma mənə elə gəlir ki, başqa mövqelərdə boşluqlar var ki, oraları doldurmaq lazım idi.

- Bunlar transfer xətrinə edilmiş transferlərdir?

- Xeyr, elə deməzdim. Yəqin ki, yeni gələn baş məşqçi Aleksey Baqa həmin mövqelərə futbolçu istəyib və boşluğu oralarda görüb. Bu gün görürük ki, Əli Qurbani zədələnib və hücum mövqeyinə oyunçu lazımdır. Amma forvard alınmır. Bu mövqe daha kritik idi.

- "Yeni transferlər lazımdır" deyəndə həmin mövqeləri nəzərdə tuturdunuz?

- Əlbəttə. Elvin Bədəlov zədələnəndən sonra mərkəz müdafiəçisinə də ehtiyac var idi. Hazırkı baş məşqçinin nə fikirləşdiyini bilmirəm. Bəlkə ona görə bu mövqelərdə boşluq var. Futbolçular sağlam olsalar, "Sumqayıt"ın da heyəti normaldır. Mübarizə aparacaqlar.

- Klub prezidenti Riad Rəfiyev açıqlamalarında "Sumqayıt"ın Premyer Liqanın ilk yarısından sonra 7-ci yerdə getdiyini xatırladır...

- "7-ci yerdəyik" ifadəsini bayraq edib demək lazım deyil. Məncə, komandanın hələlik şansı var. Biz də "Sumqayıt"ı götürəndə 6-cı yerdə idi, özümüzdən irəlidəkilərlə xal fərqi də çox idi. Biz həmin mövsüm kubokun finalınadək irəlilədik. Amma heyətimiz o qədər də güclü deyildi. "7-ci yerdəyik" demək özünü sığortalayanlar kimi danışmaqdır. İlk olaraq, başqa söhbətlər deyilirdi. Vurğulanırdı ki, komandanın potensialı var, millidə 7-8 oyunçusu çıxış edir. Mənə elə gəlir ki, transferlər haqqında danışmağım düzgün olmaz. Hansısa futbolçunu nəyə görə alıblar və nə üçün transfer ediblər? Deyə bilmərəm. Digər tərəfdən, gəncləşdirmə deyiriksə, bunlar hələ gənc deyillər. Belə məqamlara çempionat başlayanda qiymət vermək olar. İndi nə isə demək düzgün çıxmaz.

- Sanki Riad Rəfiyev artıq ikinci dəfədir belə sözlər səsləndirməklə sizin nəticələrinizdən narazı kimi görünür...

- Nəticə baxımından heç kim mənə irad tura bilməzdi. Çünki nəticə söz verməmişdim. Raid Rəfiyev də həmişə iddialı olub, hər zaman istəyib ki, komandası yuxarı pillələrə oynasın. O cəhətdən yaxşı idi. Heç bir rəqibdən çətinmədiyini, öz klubuna inandığını bildirib. İndi "7-ci sıradayıq" demək bəlkə də yeni gətirilmiş baş məşqçini bir az sığortalamaqdır. Yəni, bilirlər ki, çətin olacaq. Digər tərəfdən, "Sumqayıt" haqqında çox danışmağın yeri yoxdur.

- Aleksey Baqa ilə şəxsən tanışlığın var idi?

- Xaricdə məşqçi kurslarını birlikdə oxumuşuq. Bir-birimizi də tanıyırdıq.

- Onu iş başında görmüsünüz və Çempionlar Liqasında "Qarabağ"a qarşı görüşlərdə izləmisiniz. Həqiqətənmi "Sumqayıt"ın problemi baş məşqçi idi?

- Xeyr, mən elə düşünmürəm. Baqa 3 fərqli ölkədə çalışıb və təcrübəsi var. Azərbaycanda nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Onun haqqında nə isə deməyim düzgün olmaz. Qaldı ki, hanısa mütəxəssisin "Qarabağ" və digər komandamızla oynayıb qalib gəlməsi göstərici deyil. Ona qalsa, bu il "Qarabağ" ilk məğlubiyyətini "Səbail"dən 2 top fərqi ilə aldı. Onda biz "Səbail"in baş məşqçisi Aftandil Hacıyevə elə qiymət verməliyik ki, bunu kiçik heyətlə bacardı? Sanki biz kənardakına daha böyük qiymət veririk. Yadımdadır, Roberto Bordini Azərbaycana gətirəndə deyirdilər ki, Moldova "Şerif"i ilə "Qarabağ"a qarşı yaxşı çıxış edib. Belə şeylərlə müqayisə düzgün deyil. Baqa gələndə dedilər ki, böyük layihəmiz var. Mənə maraqlıdır, bu layihə nə olan şeydir? Açıqlasaydılar, daha yaxşı olardı. Bəlkə də həqiqətən o layihənin içindədirlər. Baqanın nə qədər uğurlu olacağını zaman göstərəcək. Bizim çempionatda çalışmaq ağırdır. Əcnəbilərin çətinliklə üzləşdiyini görürük. Hər şeyi zaman göstərəcək. Yalnız gözləmək lazımdır.

- Bəlkə layihə deyəndə Baqanın yığma komandalardan birinə gətirilməsini nəzərdə tuturlar?

- Bu suala mən cavab verə bilmərəm. Açıqlayanda klub haqqında demişdilər. Ola bilər ki, limitlər götürülsün. Klub prezidenti açıqladı ki, gələn il gerçək "Sumqayıt" görəcəksiniz. O, hansı "Sumqayıt"dı? Yəqin ki, daha iddialı olacaqlar. "Sumqayıt" son illər həm kubokun finalına yüksələn, həm də Premyer Liqanın bürünc medalına sahib olan komandadır. Deməli, gerçək "Sumqayıt" bundan da yaxşı olmalıdır. Bəlkə bunu görəcəyik. Hər şey ola bilər.

- Sizin bir ifadəniz var idi. "Report"a müsahibənizdə bildirmişdiniz ki, transferlər istədikdə özünüzü dəyişdilər. Həqiqətənmi buna ehtiyac var idi?

- Heç vaxt problem etməzdim. Amma klubda problemlərin olduğu görsənirdi. Milli komandaya gedən futbolçular oynamadılar, zədələr oldu. Məşqçilərdən asılı olmayan səbəblərə görə eniş yaşandı. 2-3 ay ərzində komandanın yanında olmaq və problemləri həll etmək mümkün idi. Amma görünürdü ki, klub rəhbərliyi gələcək planlarla bağlı başqa fikirdədir və baş məşqçi axtarır. Bu da problem deyil. Klubun baş məşqçiyə inamı yoxdursa, ayrılmaq ən yaxşı səbəbdir.

- Klubun açıqlamasında sizinlə yolların qarşılıqlı razılıq əsasında ayrıldığına dair bənd yox idi. Hiss olunurdu ki, bu təşəbbüs klubdan gəlib. Sizin Riad Rəfiyevlə son görüşünüz necə keçib?

- Görüşümüz normal keçdi. Gələcək planlarının başqa cür olduğunu bildirdilər. Mən də sual verməyə ehtiyac duymadım. 3 ildən çox orada işləmişəm. Normal şəkildə ayrıldıq. Klub hər an qərar verə bilər, buna hörmətlə yanaşıram. Qaldı ki, qarşılıqlı anlaşma ilə yollarımızın ayrılması üçün mənim razılığım olmalıdır. Çünki klubla müqaviləm var idi. Təzminatı ödədikləri üçün o sözü yazdılar.

- Ölkə xaricindən təklif gözləyirsiniz?

- Hər şey ola bilər. Bu gün reallıq odur ki, əcnəbilərin Azərbaycanda gəlib işlədikləri kimi rahatlığımız yoxdur. Bu gün işsiz də qalmaq olar. Hərdən dincəlmək də lazımdır.

Mənbə: report.az