Murad Musayev: "Babam azərbaycanlılarla rahat ünsiyyət qururdu"

Murad Musayev: "Babam azərbaycanlılarla rahat ünsiyyət qururdu"

"Bakının düz mərkəzində, yəqin ki, ən yaxşı yaşayış kompleksində yaşayıram".

"Report"un məlumatına görə, bunu "Sabah" klubunun baş məşqçisi Murad Musayev Bakıdakı həyat tərzi barədə "Match TV"yə müsahibəsində deyib.

39 yaşlı mütəxəssis bildirib ki, yaşadığı ərazidə çoxlu restoran, mağaza və gəzinti üçün gözəl sahil var: "Ailəm hər ay bir həftəlik yanıma gəlir. Onlar burada olanda birlikdə gəzirik. Bakının heyrətamiz bulvarı, İçəri Şəhəri, dəniz mənzərələri və ləzzətli mətbəxi var. Uşaqlar hələ kiçikdir, biri 2 və digəri 3 yaşındadır. Onlara Krasnodarda uşaq bağçası, nənə və baba lazımdır. Yayadək belə olacaq, sonrasına baxarıq. Bakı ilə Krasnodar arasında birbaşa uçuşlar var. Yaxınlarımla görüşməkdə problem yoxdur, uçuş saat yarım çəkir".

Musayev pasportunda Azərbaycana girişi qadağan edən hər hansı möhürün olmadığını söyləyib: "Ermənistandan danışırsınızsa, orada heç vaxt olmamışam. Burada qonşularla münasibət mövzusu çox ağrılıdır. Gələndə anladım ki, müharibə nə qədər kədər gətirib. Şəhərin ətrafında müharibədə həlak olmuş hərbçilərin portretləri asılıb. İnsanların üzündə kədər hiss olunur. Mən şəxsən yaxınlarını itirmiş bir neçə ailə tanıyıram. Xoşbəxtlikdən hərbi əməliyyatlar başa çatıb və indi Azərbaycan dinc həyat sürür".

Özbək köklərinin olduğunu deyən baş məşqçi türk dilində danışmadığını vurğulayıb: "Amma atamın sözlərinə görə, babam azərbaycanlılarla rahat ünsiyyət qururdu. Burada dil problemi yaşamıram. Çünki həm komandada, həm də şəhərdə hər kəs rus və ya ingilis dilini başa düşür. "Sabah"da ispan və ingiliscə danışa bilən tərcüməçi var. Tapşırıqlarımı azərbaycanlı futbolçular üçün yerli köməkçilərim tərcümə edir".

Qeyd edək ki, ötən ilin oktyabrından "Sabah"a başçılıq edən Musayev paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb.

Mənbə: report.az