Avropa çempionatı: Azərbaycan millisi İspaniya ilə heç-heçə edib

Avropa çempionatı: Azərbaycan millisi İspaniya ilə heç-heçə edib

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə üz-üzə gəlib. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Matçda hesabı Azərbaycan millisi açıb. Rəqibin heyətində Serxio Losano 10-cu dəqiqədə topu öz qapısından keçirib. İspaniyalılar cəmi 2 dəqiqə sonra tarazlığı bərpa ediblər. Raul Qomes qüvvətli zərbə ilə Emin Kürdovu məğlub edib. 17-ci dəqiqədə Ata İsayev milli komandanı yenidən hesabda önə keçirib. Oyunda son nöqtəni isə Losano qoyub. İlk hissədə avtoqol müəllifi olan futzalçı 31-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edib.

Tarixində ilk dəfə İspaniyaya uduzmayan Joze Alesionun komandası qrupda ilk xalını qazanıb və 3-cü pillədə qərarlaşıb. Xallarını 4-ə çatdıran Pireney təmsilçisi isə 2-cidir. Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda Bosniya və Herseqovinaya böyük hesabla qallib gəlib, İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir.

Qeyd edək ki, qrupun digər oyununda Bosniya və Herseqovina üzərində 2:1 hesablı qələbə qazanan Gürcüstan millisi isə 1/4 finala vəsiqəni təmin edib.

Mənbə: report.az