"Marsel"in futbolçusu: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

"Marsel"in futbolçusu: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

"Bütün turnirlərdə oynaya biləcək komandamız var".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"inin futbolçusu Valenten Ronjye komandanın qarşısında duran hədəflər barədə yerli mətbuata açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi bildirib ki, çıxış etdikləri hər 3 cəbhədə - Liqa 1, ölkə kuboku və avrokuboklarda titul qazanmaq istəyirlər: "Bu səbəbdən qarşıdakı bütün matçlarda qalib gəlmək üçün hər şeyi edəcəyik".

"Qarabağ" və "Marsel" komandaları arasında ilk görüş fevralın 17-də Fransada baş tutacaq. Cavab oyunu isə 1 həftə sonra Bakıda olacaq.

Bu arada, "L Equipe" nəşri "Marsel"in fevralın 27-də "Trua"ya qarşı keçirəcəyi Liqa 1 görüşünün təxirə salınması üçün Fransa Peşəkar Futbol Liqasına müraciət etdiyini yazıb. İddiaya görə, klub Bakıda Ağdam təmsilçisinə qarşı ikeçirəcəyi oyunu və mümkün yol yorğunluğunu nəzərə alaraq bu addımı atıb.

Mənbə: report.az