Rusiyalı şahmatçı Məmmədyarovun çıxış etdiyi turnirdən kənarlaşdırılıb

Rusiyalı şahmatçı Məmmədyarovun çıxış etdiyi turnirdən kənarlaşdırılıb

Rusiyalı şahmatçı Daniil Dubov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirindən kənarlaşdırılıb.

"Report"un yarışın rəsmi saytına istinadən məlumatına görə, buna 26 yaşlı qrossmeysterin koronavirus testinin müsbət nəticələnməsi səbəb olub.

10 turdan sonra Dubov 3,5 xalla 12-ci yerdə gedir. Onun indiyədək keçirdiyi görüşlərin nəticələri qüvvədə qalacaq, qalan 3 qarşılaşmada isə qonşu ölkə şahmatçısına məğlubiyyət veriləcək.

Rusiyalı qrossmeyster 7-ci turda da texniki məğlubiyyət alıb. Səbəb komanda üzvlərindən birinin COVID-19 testinin müsbət nəticələnməsinə baxmayaraq, onun niderlandlı şahmatçı Aniş Giri ilə görüşə maska ilə çıxmaq istəməməsi olub.

Beləliklə, növbəti turlarda müvafiq olaraq, macarıstanlı Rixard Rapport, hindistanlı Rameşbabu Praqnanandha və norveçli dünya çempionu Maqnus Karlsen Dubovun diskvalifikasiyası üzündən texniki qələbə qazanmaqla, aktivlərinə əlavə 1 xal yazacaqlar.

Turnirdə iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə buna nail ola bilməyəcək. Çünki o, Dubovla hələ ilk turda üz-üzə gəlib və heç-heçə ilə kifayətlənib - 0,5:0,5.

Qeyd edək ki, "Tata Steel Chess"də sona 3 tur qalmış Maqnus Karlsen 7 xalla ilk pillədə qərarlaşıb. Aniş Giri 6,5 xalla 2-ci yerdə gedir. Şəhriyar Məmmədyarov və Rixard Rapport isə hərəyə 6 xalla 3-4-cü yerləri bölüşür.

Bu gün Məmmədyarov XI tur qarşılaşmasında rusiyalı Sergey Karyakinlə görüşəcək.

Mənbə: report.az