Niderlandlı nümayəndə: "Azərbaycan futzalçılarına aptekdən 70 ədəd test aldım"

"Avropa çempionatında ilk tapşırıqlarımdan biri zədəli futbolçunun (Maneka - red.) Bakıya qayıtmasını təşkil etmək idi".

"Report"un məlumatına görə, bunu Niderlanddakı Avropa çempionatında iştirak edən futzal üzrə Azərbaycan millisi üçün ayrılmış yerli nümayəndə Yohan den Otter "bd.nl" saytına açıqlamasında deyib.

UEFA-nın Joze Alesio Da Silvanın komandasına təhkim etdiyi şəxs bildirib ki, yığma üzvləri üçün bir çox vacib iş görür: "Onlar üçün ABŞ dollarını avroya dəyişirəm, mətbuat konfransları zamanı komandanı müşayiət edirəm. Hətta bir dəfə braziliyalı Bolinyanın mobil telefonunu təmir etdirmək üçün müvafiq mağazaya getmişdim. Yığmada braziliyalı legionerlər çıxış edir. Amma onlar Azərbaycan dilində danışmırlar. Əsas danışıq dili rus dilidir".

Azərbaycan yığması ilə bağlı hər şeyə cavadeh olduğunu deyən nümayəndə komandanın heyətində ik futzalçı və bir məşqçinin koronavirusa yoluxduğunu xatırladıb: "Yoluxma onlardan da yan keçmir. İndicə eşitdim ki, iki oyunçu və komandanın meneceri karantinə alınmalıdır. Dərhal aptekə gedib yetmiş ədəd test aldım. Həmçinin PCR testlərlə bağlı həkimlə danışdım. İndi oteldə qalanlara yemək çatdırmaq lazımdır. Müsəlman olduqları üçün qərb yeməkləri yemirlər. Görürsünüz, hər iş məndən keçir (gülür)".

Qeyd edək ki, Avropa çempionatının D qrupunda bu gün sonuncu oyununu keçirəcək Azərbaycan millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğandan 2023-ci il mesajı: Dönüş nöqtəsi...

SONRAKI XƏBƏR

Dünya Kuboku: Azərbaycan qılıncoynadanı 1/8 finala yüksəlib