Millinin baş məşqçisi: “Bu gün yaxşı oynadıq”

Millinin baş məşqçisi: “Bu gün yaxşı oynadıq”

"Bu gün yaxşı oynadıq. Uşaqları təbrik edirəm. Amma turnir ərzində bəxtsizlik bizdən əl çəkmədi, sona qədər bizi izlədi. İlk oyundan əvvəl iki futzalçımızın COVID-19 testi pozitiv çıxdı. Onlar sağaldı gəldi, bu dəfə digər iki oyunçumuzun xidmətindən istifadə edə bilmədik”.

“Report” xəbər verir ki, bunları Avropa çempionatının D qrupu çərçivəsində keçirilmiş Azərbaycan - Bosniya və Herseqovina oyunundan sonra millimizin baş məşqçisi Joze Alesio Da Silva deyib.

“Zədəli oyunçularımız oldu. Bir sözlə, problemlərdən qaça bilmədik. Əlbəttə, növbəti mərhələyə yüksələ bilmədiyimizə görə təəssüflənirəm. Amma uşaqlar yaxşı çıxış etdilər, istəkli, intizamlı, mübariz idilər, sona qədər qələbə qazanmaq üçün əllərindən gələni etdilər”, - baş məşqçi əlavə edib.

Joze Alesio Da Silva qeyd edib ki, azarkeşlərin oyunu izləməsi çox vacibdir: “Buna görə sevinirik ki, artıq onlar tribunadakı yerlərini aldılar və bizi dəstəklədilər. Futzalçılarımız da onlar üçün oynadılar. Əlbəttə, istərdik ki, arena tam dolsun, lakin onlardan asılı olmayan səbəblər buna imkan vermədi".

Mənbə: report.az