Azərbaycanlı hakim ən yüksək kateqoriyalı beynəlxalq status alıb

Azərbaycanlı hakim ən yüksək kateqoriyalı beynəlxalq status alıb<span class="qirmizi"></span>

Beynəlxalq Cüdo Federasiyası (IJF) Qazaxıstanın Almatı şəhərində hakimlər üçün seminar və "A" kateqoriyalı beynəlxalq dərəcənin (cüdo idman növü üzrə ən yüksək hakimlik dərəcəsi) alınması üçün imtahan keçirib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) "Report"a verilən məlumata görə, IJF-nin hakimlər üzrə direktoru Florin Laskau və Hakimlər Komissiyasının üzvlərinin təşkil etdiyi seminar və imtahanda 13 ölkənin nümayəndəsi, o cümlədən, ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli iştirak edib.

İlk iki gün ərzində iştirakçılar hakimlərin yarışları dəqiq və səmərəli idarə etmələri üçün əyani vəsait kimi çoxsaylı video materiallarla tanış olublar. Daha sonra ədalət təmsilçiləri təlimin nəzəri hissəsinə dair imtahan veriblər.

Ardınca onlar 13 - 15 mayda Alma-Ata şəhərində baş tutan yeniyetmələrin və gənclərin Asiya Kubokunda görüşləri idarə edərək praktiki imtahan veriblər. Hər iki imtahanı yüksək nəticə ilə keçən Rəhimli "A" kateqoriyalı yüksək hakimlik lisenziyası əldə edib.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan təmsilçisi "A" kateqoriyalı hakimlik lisenziyasına 2014-cü ildə layiq görülüb. Beləliklə, 8 ildən sonra ilk dəfədir ki, cüdo idman növü üzrə ən yüksək hakimlik dərəcəsi qazanılıb.

Mənbə: report.az